Bakı. Trend:
Amerikanın “Kaiser Permanente” tibb şirkətinin alimlərindən ibarət qrup COVID-19 pandemiyası zamanı gənclər və yeniyetmələr arasında şəkərli diabet xəstəliyinə tutulma hallarının artdığını müəyyən edib. Araşdırmalara görə, 10-19 yaşlarında birinci və ikinci növ şəkərli diabet daha tez-tez aşkarlanmağa başlayıb.
Trend xəbər verir ki, bu barədə “EurekAlert” məlumat yayıb.
Alimlər özəl tibb klinikalarından birində aparılan diaqnozları tədqiq ediblər. Nəticələrə görə, 2016-cı ildə tibb mərkəzində yoxlamadan keçən hər 100 min nəfərdən təxminən 19-u birinci növ şəkərli diabet xəstəsi olub. 2021-ci ildə bu rəqəm 25 nəfərə yüksəlib. Bənzər bir tendensiya ikinci növ şəkərli diabet üçün də müşahidə edilib. 2016-cı ildə digər xəstəlikləri olan hər 100 min xəstədən təxminən 16 nəfəri, 2021-ci ildə isə 30 nəfəri ikinci növ şəkərli diabet xəstəsi kimi qeydə alınıb.
Diaqnoz qoyulan birinci növ şəkərli diabet xəstələrinin 62,7 faizi, ikinci növ şəkərli diabet xəstələrinin isə 98,4 faizi 10-19 yaş arasında olub.
Alimlər növbəti tədqiqatlarında şəkərli diabet xəstəliyinin gənclərdə geniş yayılmasına hansı amillərin təsir etdiyini araşdıracaqlar.