Trend. Bakı.
Fərdi kompüterlər üçün yaradılmış yeni texnologiyanın prototipi istifadəçinin oyun zamanı sözün əsl mənasında kontekstdə uyğun müəyyən qoxular əldə etməsinə imkan verəcək.
Trend xəbər verir ki, üzərində işlər aparılan yeni texnologiya haqda xarici KİV-lərdə məqalə dərc olunub.
Ingiltərənin Vorik Universitetinin (Warwick University) tədqiqat qrupunun hazırlamaqda olduğu eksperimental texnologiya yaxın günlərdə keçirilən İnnovasiyalar Festivalında təqdim olunub.
Alimlər qoxu texnologiyası ilə insanın video oyun təcrübəsinin və təəsüratlarının nə dərəcədə dəyişəcəyini öyrənmək istəyir. Prototip qadjet kompüterə qoşulan xüsusi hazırlanmış başlıqdan ibarətdir.
Oyuna aid olan xüsusi qoxular kiçik dozalarda borucuq vasitəsilə ötürülür və oyunçunun qarşısında qurulmuş hava yelləyənlə (ventilyatorla) ətrafa yayılır. Texnologiya şirin ətirlərdən tutmuş, yanmış təkər iyinə, islanmış itdən gələn xoşagəlməz qoxuya kimi müxtəlif qoxuları ötürə bilir.