...

NƏZƏR NÖQTƏSİ: Azərbaycan deputatları Minsk Qrupu həmsədrlərinin fəaliyyətini qənaətbəxş saymır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Dekabr 2007 12:41 (UTC +04:00)
NƏZƏR NÖQTƏSİ: Azərbaycan deputatları Minsk Qrupu həmsədrlərinin fəaliyyətini qənaətbəxş saymır

Azərbaycan, Bakı/ Trend / ATƏT-in Minsk Qrupu həmsədrlərinin 2007-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həll prosesində gördüyü işlər Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır. Problemin həllində müharibə variantının olacağını söyləyənlər azlıq təşkil etmir. 12 deputat arasında aparılan sorğunun nəticələri onu göstərib ki, Azərbaycan parlamenti Dağlıq Qarabağ probleminin həllində həmsədrlərin fəaliyyətini qənaətbəxş hesab etmir və müharibə variantını istisna etmirlər.

Siyavuş Novruzov-hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat

Minsk qrupuna həmsədrlik edən ölkələr münaqişə tərəflərinə ədalətli yanaşmırlar. ABŞ münaqişənin tez bir zamanda həll olunması və müharibə ehtimalının aradan qalxmasını istəyir. Vaşinqton üçün problemin kimin xeyrinə həll olunmasının heç bir fərqi yoxdur. Fransa Ermənistanın ən böyük dostudur və hər fürsətdə ermənilərə dəstək verir. Rusiya isə Dağlıq Qarabağ münaqişəsindən Azərbaycan, Ermənistan və hətta, Gürcüstana qarşı təzyiq vasitəsi kimi istifadə edir. Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Rusiyanın maraqlarına uyğundur və Moskva münaqişənin həllinə imkan vermir. Həmsədrlər münaqişənin həllində heç bir irəliləyişə nail olmayıb. Ona görə də onların fəaliyyətini mənfi qiymətləndirirəm.

Münaqişənin həllini Ermənistanın siyasi iradə nümayiş etdirməsində görürəm.

Dağlıq Qarabağ probleminin həllinin uzanması Azərbaycanın xeyrinədir. Azərbaycan gələcəkdə bu problemi daha asan yolla xeyrinə həll edə bilər. Hazırda sülh variantına üstünlük verilir. Amma müharibə də istisna deyil.

Pənah Hüseyn - müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü: Azərbaycan cəmiyyətində Minsk Qrupunun fəaliyyətinin səmərəsiz olmasına dair heç də əsassız olmayan rəy formalaşıb. Lakin 2007-ci ildə Minsk Qrupu həmsədrlərinin fəaliyyətində diqqəti cəlb edən proseslər oldu. İlk dəfə olaraq, həmsədrlər Azərbaycan və Ermənistana hər iki tərəfin müzakirə edə biləcəyi təkliflər təqdim ediblər. Ona görə də, hesab edirəm ki, Minsk Qrupunun fəaliyyətinə daha dəqiq qiyməti 2008-ci ildə vermək mümkün olacaq.

Dağlıq Qarabağ problemi sülh yolu ilə həll olunsa, daha yaxşı olardı. Amma Azərbaycan müharibə yolu ilə də olsa, öz ərazi bütövlüyünü bərpa etməyə hazır olmalıdır. Azərbaycanın ərazi bütövlüyü, nəyin bahasına olursa - olsun, bərpa olunmalıdır. Sülh və müharibə variantlarından hansı daha az itki ilə başa çatacaqsa, həmin varianta üstünlük verilməlidir.

Anar Məmmədxanlı - bitərəf deputat : Azərbaycan güclənərək Dağlıq Qarabağ münaqişəsini özü həll etməlidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri heç nəyə nail ola bilməyiblər. Ona görə də, Minsk Qrupunun fəaliyyəti müsbət qiymətləndirilə bilməz.

Dağlıq Qarabağ probleminin həllini müharibədə görürəm və hesab edirəm ki, müharibə bu gün daha real variantdır və aktualdır.

Aydın Mirzəzadə - hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü: Minsk Qrupunun həmsədrləri, ötən illərlə müqayisədə, 2007-ci ildə xeyli fəallıq nümayiş etdirdilər. Tərfələrə yeni təkliflər verilib və təkliflər konsturiktivliyi ilə seçilir. Ona görə də, həmsədrlərin 2007-ci ildəki fəaliyyətini müsbət qiymətləndirmək olar. Amma həmsədrlər münaqişənin həllində hələ də öz imkanlarından tam istifadə etmirlər.

Dağlıq Qarabağ probleminin həllində həm sülh, həm də müharibə varinatından istifadə olunması eyni dərəcədə realdır. Ermənistanıın müxtəlif bəhanələrlə Azərbaycan torpaqlarını işğal altında saxlaması, rəsmi Bakını müharibə variantını gündəmə gətirməyə məcbur edir. Azərbaycan müharibə variantını da ciddi şəkildə nəzərdən keçirir.

Asim Mollazadə- müxalifətyönlü Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri , deputat : ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin həllində ciddi irəliləyiş əldə edə bilməyiblər. Minsk Qrupu həmsədrləri münaqişə tərəflərinə ədalətli yanaşmırlar, hansı ölkənin işğalçı olduğunu və hansının işğala məruz qaldığını demirlər. Ona görə də, Minsk Qrupu həmsədrlərinin fəaliyyətini mənfi qiymətləndirirəm.

Dağlıq Qarabağ problemi yalnız beynəlxalq təşkilatların və güclü dövlətlərin dəstəyi ilə, beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll oluna bilər.

Gülər Əhmədova- hakim Yeni Azərbaycan Partiyasının üzvü , deputat : ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətini mənfi qiymətləndirirəm.

Münaqişənin həllini yalnız sülh yolunda görürəm.

Asəf Hacıyev-bitərəf deputat: Minsk qrupunun fəaliyyətini birmənalı olaraq müsbət və ya mənfi qiymətləndirmək doğru olmaz. Danışıqlar prosesi gedir və bu çox çətin prosesdir. Həmsədrlər bir qədər fəal olmalıdırlar. Lakin Minsk qrupunun Azərbaycan və Ermənistana eyni standartlarla yanaşması məni qane etmir və bunu mənfi qiymətləndirirəm.

İstərdim ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Problemin sülh yolu ilə həllinə ümidlər var. Lakin danışıqlar bir nəticə verməsə, Azərbaycan başqa yollar axtarmalı olacaq və bu, müharibə yolu olacaq.

Eldar İbrahimov- hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, parlamentin komissiya sədri: Mən həmişə Minsk qrupunun fəaliyyətini tənqid etmişəm. Amma 2007-ci ildə həmsədrlərin fəaliyyətində müəyyən fəallıq müşahidə olundu, tərəflərə yeni təkliflər təqdim edildi. Ona görə də Minsk qrupu həmsədrlərinin 2007-ci ildəki fəaliyyətini müsbət qiymətləndirirəm. Münaqişə hələ də həll olunmadığına görə, Minsk qrupunun fəaliyyətini bütövlükdə müsbət qiymətləndirmək olmaz.

Müharibəni hər zaman başlamaq olar. İstəməzdim ki, Azərbaycan vətəndaşları, xüsusən də gənclər müharibədə həlak olsunlar. Ona görə də Dağlıq Qarabağ probleminin həllini sülh yolunda görürəm.

İlyas İsmayılov-müxalifətçi Ədalət Partiyasının sədri, deputat: ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsini həll edə bilməz. Çünki ATƏT-in qərarları hüquqi xarakter daşımır və dövlətlər üçün öhdəlik yaratmır. ATƏT-in qərarları tövsiyə xarakteri daşıyır. Ermənistan isə bu tövsiyələrə əməl etmək istəmir. ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələri ermənipərəstlikdə ittiham edirlər. Hətta, Azərbaycanın ən yaxın müttəfiqləri olan

Türkiyə, Pakistan kimi ölkələr də Minsk qrupunun həmsədiri olsalar, heç nə dəyişməyəcək. Ona görə də Minsk qrupunun fəaliyyəti baş qatmağa və vaxt uzatmağa xidmət edir.

Hesab edirəm ki, müharibədən qaçmaq mümkün olmayacaq. Biz ciddi şəkildə müharibəyə hazırlaşmalıyıq.

Rəbiyyət Aslanova- hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, parlamentin komissiya sədri: Minsk qrupunun həmsədrləri 2007-ci ildə də Dağlıq Qarabağ probleminin həllində hər hansı irəliləyişə nail ola bilmədilər. Sanki həmsədrlər münaqişənin həlli prosesini uzatmaqla məşğuldurlar və gözləmə mövqeyi tutublar. Ona görə də Minsk qrupunun fəaliyyətini müsbət qiymətləndirmək üçün heç bir əsas yoxdur. Həmsədrlərin fəaliyyətini mənfi qiymətləndirirəm.

Azərbaycan istəyir ki, problem sülh yolu ilə həll olunsun. Lakin sülh yolu ilə hələ də qələbə qazanılmayıb. Ona görə də müharibəni də istisna etmirik.

Mübariz Qurbanlı- hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat: Minsk qrupunun fəaliyyətini orta qiymətləndirirəm. Onların fəaliyyətini tamamilə pisləmək niyyətində deyiləm. Eyni zamanda, fəaliyyətləri yüksək səviyyədə deyil ki, müsbət qiymətləndirək. Amma Minsk qrupunun Ermənistanın işğalçılıq siyasətinə lazımı qiymət verməməsini mənfi qiymətləndirirəm.

Azərbaycan əsgərinin şəhid olmasını istəməyən insan kimi Dağlıq Qarabağ probleminin həllini sülh yolunda görürəm. İnanıram ki, problemi sülh yolu ilə həll edə bələcəyik. Amma müharibəni də istisna etmirik.

İqbal Ağazadə-müxalifətçi Ümid Partiyasının sədri, deputat: ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hansı işlər gördüyü haqqında məlumata malik deyiləm. Danışıqların hazırkı vəziyyəti və nələrin müzakirə olunduğu haqqında bizə məlumat verməyiblər. Ona görə də Minsk qrupunun fəaliyyətinə qiymət verə bilmərəm.

Danışıqlarda hansı məsələlərin müzakirə olunduğu, irəli sürülən təkliflərin nədən ibarət olduğu və Azərbaycan ordusunun hazırkı vəziyyəti haqqında məlumata malik olmadığıma görə, Dağlıq Qarabağ probleminin sülh yoxsa müharibə yolu ilə həll olunmasını deyə bilmərəm.

Sorğunu apardı İ.Əlizadə

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti