...

Ermənilər işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimlərə başlayıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Oktyabr 2008 12:47 (UTC +04:00)
Ermənilər işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimlərə başlayıblar

Azərbaycan, Ağdam, 25 oktyabr / Trend , müxbir Ş.Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələri bu gün səhər saaat 11 radələrindən başlayaraq Ağdamın işğal olunmuş ərazilərində yenidən hərbi təlimlərə başlayıb.

Trend -un bölgə müxbirinin verdiyi məlumata görə, təlimlər işğal olunmuş Uzundərə kəndində keçirilir. Həmin ərazidə ağır zirehli texnikalardan atılan mərmilər güclü partlayışlar törədir. Partlayış səsləri təmas xəttində yerləşən yaşayış məntəqələrində, kəndlərdə açıq-aydın eşidilir. Güclü partlayışlar həmçinin sərhəd kəndlərində torpaq titrəmələri də yaradır. Azərbaycanın işğal altında olan əraziləri nəzarətsiz olduğundan Ermənistan Silahlı Qüvvələri istədikləri vaxt həmin ərazilərdə hərbi təlimlər keçirirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib ki, bu, ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimlər keçirməsi ilə bağlı ilk fakt deyil. Sabiroğlu əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələri bundan narahat deyil və düşmənin hər bir həmləsinə cavab verməyə hazırdır.

Trend -un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti