"Ermənistan xarici işlər naziri Eduard Nalbandyan və ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ məsələləri üzrə xüsusi nümayəndəsi, ATƏT PA-nın fəxri sərdi Qoran Lenmarker bazar ertəsi keçirdikləri görüşdə Qarabağ münaqişəsinin həlli prosesini müzakirə ediblər", - Ermənsitan XİN informasiya və mətbuat İdarəsi xəbər verir.
Press-relizdə məlumat verilir ki, Lenmarkerin xahişi ilə nazir Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların son zamanlar necə inkişaf etdiyini, Ermənistan və Azərbaycan prezidentlərinin Sürixdəki görüşünün yekunlarını təqdim edib, - Novosti-Armeniya yazır.
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan yanvarın 28-də Sürixdə görüş keçirib. Bu danışıqlar Sarkisyan və Əliyevin birincinin prezident postunu tutmasından sonra sayca üçüncü görüşüdür. Birinci görüş 2008-ci ilin iyununda Sankt-Peterburqda, ikincisi isə həmin ilin Noyabrında Moskvada baş tutub.
"Bu aspektdə qeyd olunub ki, 2008-ci il noyabrın 2-də Moskva bəyannaməsi, eləcə də ATƏTin Minsk qrupunun həmsədr ölkələri xarici siyasət qurumlarının rəhbərləri və ATƏT-in Helsinki Xarici İşlər Nazirləri Şurasının Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bəyanatları danışıqlar prosesi üçün münbit şərait yaradır", - press-relizdə deyilir.
Öz növbəsində Lenmarker qeyd edib ki, ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçirilən danışıqlar prosesi münaqişənin həllinə gətirib çıxara bilər və əminliklə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativi yoxdur.
Görüşün gedişində Nalbandyan və Lenmarker Aİ-nin "Şərqi tərəfdaşlıq" təklifi ətrafında fikir mübadiləsi aparıb.
Dağlıq Qarabağ münaqişəsinin əsası 1988-ci ildə qoyulub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər.