...

Qarabağ probleminin sülh yolu ilə həlli Azərbaycan xalqı və bütün müsəlmanlar üçün çox vacibdir - şeyxülislam

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Avqust 2010 16:28 (UTC +04:00)
Qarabağ probleminin sülh yolu ilə həlli Azərbaycan xalqı və bütün müsəlmanlar üçün çox vacibdir. Bunu çərşənbə axşamı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı Kirillə görüşündə bildirib.
Qarabağ probleminin sülh yolu ilə həlli Azərbaycan xalqı və bütün müsəlmanlar üçün çox vacibdir - şeyxülislam

Qarabağ probleminin sülh yolu ilə həlli Azərbaycan xalqı və bütün müsəlmanlar üçün çox vacibdir. Bunu çərşənbə axşamı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı Kirillə görüşündə bildirib. Məlumatı İTAR-TASS yayıb.

Bu gün Moskva və bütün Rusiyanın patriarxı Kiril və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bütün MDB məkanında konfessional əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Allahşükür Paşazadə patriarx Kirilin fəaliyyətini qiymətləndirərək qeyd edib ki, rus-pravoslav kilsəsinin başçısı təkcə-rus pravoslav dünyasında deyil, eləcə də müsəlman dünyasında böyük nüfuza malikdir.

Paşazadə qeyd edib ki, o, bu yaxınlarda Səudiyyə Ərəbistanında Ərəb Dövlətləri Liqasının 50 illiyi ilə əlaqədar keçirilən yüksək səviyyəli görüşdə də bu barədə məlumat verib. "Bu istiqamətdə bizim birgə əməyimiz təkcə dini aləmdə deyil, həmçinin dövlət başçıları tərəfindən də qiymətləndirilir. Bizim ümumi dialoqumuza təkcə MDB ölkələrinin rəhbərləri deyil, digər dövlətlərin başçıları da qoşulmaq istəyirlər", - o qeyd edib.

"Bizim Qarabağ probleminin dinc yolla həlli ideyalarımızı dəstəklədiyinizə görə sizə şəxsən minnətdaram. Bu, bizim xalqımız və müsəlmanlarımız üçün çox vacibdir", - Paşazadə deyib. O, Bakıda ümumdünya dini sammitə bütün ermənilərin katolikosunun gəlməsi faktının vacibliyini qeyd edib.

"Sizin şəxsiyyətinizə olan böyük sevginin əlaməti ondan ibarətdir ki, bugünkü görüşdə mənim ən yaxın dostlarım və oğlum iştirak edirlər", - Paşazadə qeyd edib. "Siz xalqımızın və müsəlmanların ən böyük dostu olaraq qalacaqsınız və bu, gələcəkdə qarşımıza çıxan problemlərin həllində bizim üçün çox vacibdir", - Allahşükür Paşazadə bildirib.

"Bizim görüşlərin mövzusu həmişə pravoslavlarla müsəlmanlar, MDB məkanında müxtəlif dinlərin nümayəndələri arasında münasibətlər olub. Ümid edirəm ki, bu görüşdə biz Rusiya, Azərbaycan, Qafqaz və MDB ölkələrində birgə fəaliyyətimizin planları haqqında danışacağıq", - patriarx Kiril onun Moskva iqamətgahında təşkil olunmuş görüşün əvvəlində deyib.

Patriarx Kiril Allahşükür Paşazadəyə "Qafqaz Müsəlmanları İdarəsinin sədri, İslam dünyasında böyük nüfuza malik insan kimi" həyata keçirdiyi böyük işlərə görə minnətdarlığını bildirib. O, aprel ayında Bakıda dini liderlərin ümumdünya sammitinin uğurla keçirilməsini xatırladıb. "Bu görüş MDB-nin Dinlərarası Şurasının işinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərdi, həmçinin din-dövlət səviyyəsində dinlərarası dialoqların aparılmasına imkan yaratdı", - patriarx Kiril vurğulayıb.

Xəbər lenti

Xəbər lenti