Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir Ü.Sadıxova/
Dağlıq Qarabağ münaqişəsinin həlli regionda müsbət dəyişikliklərə səbəb ola bilər, sülh və sabitlik atmosferini yaratmağa kömək edər, - "Sosialist İnternasionalı"nın baş katibi Luis Ayala belə hesab edir.
Münaqişənin nizamlanması məsələsi çərşənbə axşamı işini Bakıda başa çatdıran "Sosialist İnternasionalı"nın MDB, Qafqaz və Qara dəniz regionu ölkələri üzrə regional konfransının diqqət mərkəzində olub.
Konfransın yekunları üzrə Azərbaycan və Ermənistan tərəflərinə Dağlıq Qarabağ münaqişəsi üzrə öz təkliflərini hazırlamaq təklif olunub. "Onlar noyabrın 15-16-da Parisdə "Sosialist İnternasionalı"nın Konqresində təqdim olunacaq", - Ayala Bakı konfransının yekunları üzrə mətbuat konfransında deyib.
"Sosialist İnternasionalı" təqdim edilən təkliflər əsasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bəyannamə hazırlayacaq", - baş katib bildirib.
"Dağlıq Qarabağ münaqişəsinə bu gün yeni konteksdə baxmaq lazımdır", - Ayala hesab edir. - "Ölkələr dəyişir, həm Azərbaycan, həm Ermənistan, təxminən, 20 il bundan əvvvəl olduqları kimi deyil", - o vurğulayıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.