Bakı. Trend:
ABŞ təhlükəsizlik riskləri ilə əlaqədar Səudiyyə Ərəbistanındakı bir sıra nümayəndəliklərinin əsas olmayan işçilərinin və onların ailə üzvlərinin ölkəni tərk etməsini əmr edib.
Trend-in ABŞ Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, bu qərar 3 mart tarixində qeyri-əsas personal üçün könüllü çıxış icazəsinin dəyişdirilməsi ilə bağlıdır.
"28 fevralda ABŞ ilə İran arasında döyüşlər başladıqdan sonra İran tərəfindən pilotsuz uçuş aparatları və raketlərlə hücum təhlükəsi davam edir, həmçinin kommersiya hava daşımalarında ciddi pozuntular müşahidə olunur. ABŞ hökumətinin Səudiyyə Ərəbistanında amerikalı vətəndaşlara təcili yardım göstərmə imkanları təhlükəsizlik riskləri səbəbindən məhduddur," - deyə bəyanatda qeyd edilir.
Bundan əlavə, ABŞ hökumətinin əməkdaşlarına Səudiyyə Ərəbistanında səfərlər üçün məhdudiyyətlər tətbiq edilir. Onlara Yəmənlə sərhədə yaxınlaşmaq qadağan edilib, həmçinin ƏL-Kətifə xidmət məqsədi ilə olmayan səfərlər qadağandır.
Səudiyyə Ərəbistanında olan ABŞ vətəndaşlarına da oxşar ehtiyat tədbirlərinə riayət etmələri tövsiyə olunub və lazım gələrsə ABŞ səfirliyinə müraciət etmələri bildirilib.
