...

Uşağın qətlə yetirilməsi Ermənistanda ictimai həyatın faşizm ideologiyasına büründüyünü təsdiq edir - Azərbaycanın hakim partiyası

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Mart 2011 17:59 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası azyaşlı uşağın ermənilər tərəfindən qətlə yetirilməsini qətiyyətlə pisləyir. Trend-in məlumatına görə, YAP bununla bağlı bəyanat yayıb.
Uşağın qətlə yetirilməsi Ermənistanda ictimai həyatın faşizm ideologiyasına büründüyünü təsdiq edir - Azərbaycanın hakim partiyası

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir T.Hacıyev/

Yeni Azərbaycan Partiyası azyaşlı uşağın ermənilər tərəfindən qətlə yetirilməsini qətiyyətlə pisləyir. Trend-in məlumatına görə, YAP bununla bağlı bəyanat yayıb.

"Bu ilin mart ayının 8-də işğal altındakı Ağdam rayonunun Şıxlar kəndi istiqamətindən açılan snayper atəşi nəticəsində Orta Qərvənd kənd sakini, 2002-ci il təvəllüdlü Bədəlov Fariz Arif oğlu qətlə yetirilib. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidə keçirdikləri görüşdən və imzalanan bəyannamədən cəmi üç gün sonra erməni tərəfin atəşkəs rejimini pozaraq belə vəhşi aksiyanı həyata keçirməsi əslində onların sülh danışıqlarındakı qeyri-səmimiliyinin, xalqımıza qarşı yüz illərlə davam edən və son iyirmi üç ildə daha da şiddətlənən vəhşi nifrətinin və soyqırım siyasətinin ən bariz nümunəsidir", - bəyanatda qeyd olunub.

Bəyanatda bildirilib ki, bu hadisə erməni silahlı ordusunun uşaq qatili damğasını bir daha möhkəmləndirdi.

"Təəssüflər olsun ki, Azərbaycan xalqı öz yaxın tarixində erməni tərəfin bu tip insanlıq əleyhinə cinayətlərini onlarla körpələrin qətlə yetirildiyi Xocalı faciəsi zamanı yaşamaq məcburiyyətində qalmışdır. Uşağın hərbçilər tərəfindən qətlə yetirilməsi Ermənistanda ictimai həyatın faşizm ideologiyasına büründüyünü, terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bir daha təsdiq edir. Yeni Azərbaycan Partiyası erməni tərəfin belə qanlı əməllərini qətiyyətlə pisləyir, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərini, dünya ictimaiyyətini bu hadisəyə obyektiv münasibət bildirməyə, erməni təcavüzünə və uşaq qatillərinə "dur" deməyə çağırır", - bəyanatda vurğulanıb.

Ermənistan silahlı qüvvələrinin çərşənbə axşamı saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti