...

Azərbaycan torpaqlarının işğalının nəticələrini aradan qaldırmaq üçün konkret addımlar atılmalıdır - hakim partiya

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2011 18:22 (UTC +04:00)
Azərbaycanın işğal olunmuş ərazilərinə dair vəziyyət hesabatla yekunlaşmamalı və işğalın nəticələrini aradan qaldırmaq üçün konkret addımlar atılmalıdır.
Azərbaycan torpaqlarının işğalının nəticələrini aradan qaldırmaq üçün konkret addımlar atılmalıdır - hakim partiya

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın işğal olunmuş ərazilərinə dair vəziyyət hesabatla yekunlaşmamalı və işğalın nəticələrini aradan qaldırmaq üçün konkret addımlar atılmalıdır. Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı partiyanın rəsmi saytına bildirib.

"ATƏT-in qiymətləndirmə missiyanın işğal olunmuş ərazilərimizdə araşdırmalar aparması müsbət haldır. Belə bir missiyanın hər dəfə bölgəyə gəlişi və əldə etdiyi məlumatlar Ermənistanın beynəlxalq təşkilatlar səviyyəsində ifşa olunması baxımından əhəmiyyətlidir", - Qurbanlı deyib.

O bildirib ki, missiyanın hesabatında Ermənistanın işğalçılıq siyasətini əks etdirən faktlar əksini tapıb. Onun sözlərinə görə, qiymətləndirmə missiyası Azərbaycanın işğal olunmuş ərazilərində dağıdılmış yaşayış məntəqələrinin, bütövlükdə Azərbaycana vurulmuş ziyanın şahidi olub.

"Bu baxımdan missiyanın fəaliyyət göstərməsi bütün hallarda beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədar yeni-yeni faktları aşkara çıxarmasına köməklik göstərir. Lakin Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə münasibət hesabatlarla, bəyanatlarla yekunlaşmamalı və konkret işlərlə tamamlanmalıdır", - hakim partiyanın icra katibinin müavini bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti