Azərbaycan, Bakı, 10 oktyabr /Trend/
2012-ci ilin sentyabr ayı ərzində 3,245,873 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.
Bu dövrdə 655 PHS və 3 ədəd piyada və 16 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 203,706,098 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 674,107-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Xocavənd, Ağstafa, Füzuli, Gəncə, Goranboy, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.