Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.Mehdiyev/
Həyata keçirilən milliyyətçi proqramlar Ermənistanın özünü regiondakı inkişaf proqramlarından təcrid edir. Bu gün erməni xalqı özünə bu barədə sual verməlidir. Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistan və region üçün çoxsaylı inkişaf imkanları açacaq. Trend-in məlumatına görə, bu barədə "Cənubi Qafqaz və onun ətrafında geosiyasi vəziyyətin formalaşmasında NATO-nun rolu" mövzusunda cümə axşamı Bakıda keçirilən konfransda Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin bildirib.
Onun sözlərinə görə, Ermənistanın həyata keçirdiyi milliyyətçi proqramlar bu ölkəni regiondakı inkişaf proqramlarından təcrid edir, əhalisi azalır.
Çətin qeyd edib ki, münaqişənin həlli Ermənistan və region üçün çoxsaylı inkişaf imkanları açacaq.
"Dağlıq Qarabağ münaqişəsi soyuq müharibədən sonra regionda yaranmış ən ciddi problemlərdəndir. Bu problemin uzun tarixi kökləri var və Sovet İttifaqından qalıb. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir", - Çətin əlavə edib.
Türkiyənin sabiq XİN rəhbəri bildirib ki, münaqişə beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. Hazırda Türkiyə yeni ideyalar təqdim etməklə bu prosesi yenidən canlandırmaq istəyir.