...

Almaniyalı deputatın Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı Almaniya Bundestaqına etiraz məktubu göndərilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Sentyabr 2013 11:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr / Trend, müxbir İ.İzzət /

Almaniya-Azərbaycan Koordinasiya Mərkəzi (AAKM) Almaniya Bundestaqına etiraz məktubu göndərib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Almaniya Bundestaqının üzvü Yürgen Klimkenin Ermənistanın işğalı altında olan Azərbaycan ərazisinə - Dağlıq Qarabağa qeyri-leqal səfəri Azərbaycan ictimaiyyətinin, eləcə də Almaniyada yaşayan azərbaycanlıların narazılığına səbəb olub. Bununla əlaqədar AAKM Almaniya Bundestaqına etiraz məktubu ünvanlayıb.

Məktubda deyilir: "Almaniya Bundestaqının üzvü Yürgen Klimkenin bu addımı BMT və Avropa Parlamenti tərəfindən qəbul olunmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiqləyən qətnamələrə ziddir. Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və bu regiona edilən bütün səfərlər Azərbaycanın idarə orqanları tərəfindən tənzimlənməlidir".

Məktubda, həmçinin qeyd edilir ki, Yürgen Klimkenin Dağlıq Qarabağa qanunsuz səfəri Azərbaycanın ərazi bütövlüyünü tanıyan Almaniya Federativ Respublikasının da siyasətinə ziddir. Onun heç bir ölkə tərəfindən tanınmamış "qondarma respublikanın qondarma hökümət başçısı" ilə görüşü, nəinki beynəlxalq hüquq normalarının pozulması və təcavüzkara bəraət qazandıran bir hərəkət kimi, eləcə də Avropa İttifaqının, ümumiyyətlə, beynəlxalq qüvvələrin münaqişənin sülh yolu ilə həlli istiqamətində apardığı siyasətə qarşı atılan bir addım kimi qiymətləndirilə bilər. Bu isə Cənubi Qafqazda hökm surən murəkkəb munasibətləri daha da gərginləşdirir və sülh danışıqlarına zərbə vurur.

AAKM Almaniyada yaşayan azərbaycanlılar adından bu cür təhrikedici hərəkətlərin gələcəkdə qarşısının alınmasının zəruri olduğunu vurğulayır və hesab edir ki, belə bir nəzarət Azərbaycanın Avropa ölkələri, xüsusilə də Almaniya ilə münasibətlərinin, əməkdaşlığının daha da inkişaf etməsinə yardım etmiş olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti