...

Rövşən Rzayev: Ermənistan konstruktiv mövqeyə gəlməsə, Azərbaycan birdəfəlik bütün əzəli torpaqlarını qaytarmağa hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Oktyabr 2013 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr / Trend, müxbir M.Əliyev/

Ermənistan başa düşməlidir ki, konstruktiv mövqeyə gəlməsə, Dağlıq Qarabağ məsələsi sülh yolu ilə öz həllini tapmasa, Azərbaycan birdəfəlik bütün əzəli torpaqlarını qaytarmağa hazırdır. Bunu Trend-ə "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev Prezident İlham Əliyevin andiçmə mərasimində strateji hədəf kimi azərbaycanlıların bütün tarixi torpaqlarına qayıtması ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

R.Rzayev qeyd edib ki, məsələnin yaxın zamanda həlli üçün Azərbaycanın bütün potensialı var və dünya ictimaiyyəti bu məsələyə öz dəqiq mövqeyini bildirməlidir: "Zəngəzur, Göyçə mahalı Azərbaycanın tarixi torpaqlarıdır, qarşı tərəf də düşünməlidir ki, Azərbaycan hər bir halda ərazi bütövlüyünü təmin edəcək".

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev öz çıxışında Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın hər zaman olduğu kimi sülh yolunun tərəfdarı olduğunu bildirib, lakin vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü həll etmək üçün bütün imkanlardan istifadə olunmalıdır. R.Rzayevin sözlərinə görə, biz işimizi hücum taktikasında qurmalıyıq, çünki həm hüquqi, həm tarixi tərəfdən haqlı mövqeyə malikik: "Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən qat-qat artıqdır. Son 10 ildə Müdafiə Sənayesi Nazirliyinin uğurları qeyd olunmalıdır. Və bütün bunlar Azərbaycanın uzunmüddətli mübarizəyə hazır olduğunu göstərir".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin oktyabrın 19-da Milli Məclisdə təntənəli andiçmə mərasimi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti