Azərbaycan, Bakı, 13 may /Trend/
Bu gün Səudiyyə Ərəbistanı Krallığının ər-Riyad şəhərində keçirilən Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumu çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Tunisin XİN rəhbəri Munji Hamdi ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında iki ölkə arasında siyasi, iqtisadi, ticarət və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub və Xarici İşlər nazirlikləri arasında məsləhətləşmə mexanizminin yaradılması və qarşılıqlı səfərlərlin vacibliyi qeyd edilib.
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək, münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. BMT TŞ-nin münaqişə ilə bağlı məlum qətnamələri tərəfindən dərhal, qeyd-şərtsiz və tam şəkildə işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının tələb olunduğunu deyən E.Məmmədyarov Ermənistanın BMT TŞ-nin qətnamələrinə əməl etmədiyini qeyd edib.
O, əlavə edib ki, Ermənistan müxtəlif məqsədyönlü addımlar, o cümlədən Cenevrə konvensiyalarına zidd şəkildə Suriya ermənilərini işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirməklə münaqişənin həllinə əngəl yaradır. Azərbaycanlı nazir Ermənistanın münaqişə ilə əlaqədar mövqeyinin beynəlxalq hüquq və məntiqdən kənar olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər, eləcə də Şimali Afrika regionunda vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.