...

Aytən Mustafayeva: Ermənilər qədim Azərbaycan dövləti olan Albaniya ilə bağlı bütün faktları saxtalaşdırırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyun 2014 13:50
Erməni işğalı nəticəsində Azərbaycana dəyən humanitar, mədəni və tarixi zərərin miqyasları çox böyükdür.
Aytən Mustafayeva: Ermənilər qədim Azərbaycan dövləti olan Albaniya ilə bağlı bütün faktları saxtalaşdırırlar

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Erməni işğalı nəticəsində Azərbaycana dəyən humanitar, mədəni və tarixi zərərin miqyasları çox böyükdür. Ermənilər işğal etdikləri ərazilərdə Azərbaycanın mədəni irsini təmsil edən obyektləri xüsusi həyasızlıqla məhv ediblər. Trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Konfliktologiya və İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva "İnsan hüquqları kontekstində Qafqaz Albaniyası etnoslarının tarixi və mədəni irsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

A.Mustafayeva bildirib ki, erməni işğalçılarının Azərbaycanın Dağlıq Qarabağ regionundakı milli-mədəni sərvətlərinə vurduğu zərər heç bir ölçüyə sığmır. Belə ki, qarət olunmuş və məhv edilmiş əşyalar təkcə Azərbaycanın deyil, bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.

Onun sözlərinə görə, Azərbaycan ərazisində mövcud olan qədim dövlətlərdən biri Albaniyadır. Məlum olduğu kimi, Qafqaz Albaniyası eramızdan əvvəl IV-III əsrlərdən bizim eranın VIII əsrinə qədər, yəni ərəb xilafəti tərəfindən işğal edilənə qədər mövcud olub. Paytaxtı əvvəllər Qəbələ, daha sonra isə Bərdə şəhərləri olan bu dövlətin ən mühüm vilayətlərindən biri indiki Dağlıq Qarabağ ərazisi olub. Qafqaz Albaniyası çoxmillətli, tolerant münasibətin bərqərar olduğu bir ölkə olub. Burada kifayət qədər inkişaf etmiş hüquq sistemi var olub. 498-ci ildə Aquen dini yığıncağı dövlət və kilsə hüququna dair bir sıra normalar müəyyən edib. Aquen qanunları da sübut edir ki, Albaniyada əhalinin müxtəlif təbəqələri arasında hüquqi münasibətlər yüksək səviyyədə tənzimlənirdi: "Tarixi faktlara və əldə edilmiş tədqiqat materiallarına əsasən, Albaniya dövlətinin varisi bu gün məhz Azərbaycan Respublikasıdır. Bu gün Azərbaycanda yaşayan udinlər, avarlar, xınalıqlar və digər tayfalar albanların nəslindəndir. Təəssüflər olsun ki, hazırda işğal altında olan Qarabağ torpaqlarında və indiki Ermənistan ərazilərində çoxsaylı Alban məbədləri və digər tarixi-memarlıq abidələri qalıb. Alban kilsə, məbəd və monastrları özünün bir çox xüsusiyyətlərinə görə, xristianlığın digər müvafiq abidələrindən və ibadət yerlərindən fərqlənir. Terroru və işğalçılığı dövlət siyasəti səviyyəsinə qaldıran və türk, Azərbaycan və alban tarixi və mədəniyyəti ilə bağlı hər bir şeyi görünməmiş şəkildə mənimsəyən ermənilər tərəfindən bu abidələr tamamilə erməniləşdirilib və ya məhv edilib".

Millət vəkili qeyd edib ki, erməni millətçiləri öz işğal siyasətlərinə haqq qazandıraraq bütün qədim Alban abidələrinin "Erməni abidələri" olduğunu bildirirlər: "Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində hazırda erməni separatçılarının dövriyyəyə buraxdığı pul vahidlərinin üstündə də qədim alban məbədi təsvir olunub. Qafqaz regionuna gəlmə xalq olan ermənilərin antik alban mədəniyyəti ilə heç bir tarixi, hüquqi bağlılığı yoxdur. Ermənilər qədim Azərbaycan dövləti olan Albaniya ilə bağlı bütün faktları saxtalaşdırırlar".

A.Mustafayeva sonda qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının müddəaları belə bir inam yaradır ki, Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi zərərin ödənilməsi istiqamətində dövlətimiz tərəfindən görülən işlər, atılan addımlar müsbət nəticəsini verəcək, təcavüzkar cəzasını alacaq, haqq-ədalət öz yerini tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti