...

Argentinanın "La Nacion" qəzetində Azərbaycan səfirinin məktubu dərc olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Sentyabr 2014 17:34 (UTC +04:00)
2 sentyabr tarixində Argentinanın aparıcı mətbuat orqanı olan “La Nacion” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinə dair həmin qəzetin redaksiyasına göndərdiyi məktubu dərc olunub (http://www.lanacion.com.ar/1723643-cartas-de-los-lectores).
Argentinanın "La Nacion" qəzetində Azərbaycan səfirinin məktubu dərc olunub

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

2 sentyabr tarixində Argentinanın aparıcı mətbuat orqanı olan "La Nacion" qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinə dair həmin qəzetin redaksiyasına göndərdiyi məktubu dərc olunub (http://www.lanacion.com.ar/1723643-cartas-de-los-lectores).

Belə ki, bundan öncə - 25 avqust tarixində "La Nacion" qəzetində münaqişənin tarixini və mahiyyətini təhrif edən "Dağlıq Qarabağın gələcəyi" adlı məqalə dərc edilmişdi.

Trend qəzetə istinadən məlumat verir ki, M.Əhmədzadənin dərc olunmuş məktubunda bildirilir: "Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Çar Rusiyasından öncə Dağlıq Qarabağ müxtəlif Azərbaycan dövlətlərinin tərkib hissəsində olmuşdur ki, bunlardan da sonuncusu Qarabağ xanlığı idi. Ermənilər Dağlıq Qarabağda XIX əsrin əvvəllərində Rusiya-Osmanlı və Rusiya-İran müharibələrinin yekunu olaraq məskunlaşdırılmışlar və bu müharibələrdən sonuncusu Azərbaycan xanlıqlarının, o cümlədən Qarabağ xanlığının Rusiya İmperiyası tərəfindən işğalı ilə nəticələnmişdir".

Azərbaycan diplomatı vurğulayıb ki, 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində azərbaycanlı və erməni əhalinin yaşadığı Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır. 1988-ci ildən etibarən Ermənistan Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı Azərbaycana ərazi iddiaları irəli sürür. Sovetlər İttifaqının dağılması ilə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonunu (ümumilikdə ölkə ərzisinin 20 faizi) hərbi yolla işğal edir və etnik təmizləmə siyasəti vasitəsilə həmin ərazilərdən bütün azərbaycanlıları qovur. Ermənistan öz təcavüz siyasətini ört-basdır etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərində heç bir ölkə, o cümlədən Ermənistanın özü tərəfindən belə tanınmamış qondarma "Dağlıq Qarabağ respublikası" adlı qeyri-qanuni separatçı rejim yaratmışdır.

Habelə məktubda qeyd olunur ki, BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO, Qoşulmama Hərəkatı, habelə çoxsaylı digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını və qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılmasını tələb edirlər: "Ermənistan beynəlxalq ictimaiyyətin bu mövqeyini inkar edir və münaqişə ilə bağlı status-kvonu saxlamağa çalışır. Təmas xəttində son hadisələr göstərdi ki, status-kvo qəbuledilməzdir, getdikcə daha da təhlükəlidir və bu münaqişə tez bir zamanda öz həllini tapmalıdır.

M.Əhmədzadə yazısını bu fikirlərlə tamamlayır: "20 ildən çoxdur ki, Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasına cəhdlər göstərir ki, bu da ölkəmin sülhə verdiyi önəmdir. Azərbaycan heç zaman öz torpaqlarının işğalı ilə barışmayacaq və öz suverenliyi və ərazi bütövlüyünü bərpa etmək üçün əlindən gələni əsirgəməyəcəkdir".

Azərbaycan diplomatının yazısının dərc olunması yerli erməni icması kəskin narazılıqla qarşılamışdır. İcmanın müxtəlif nümayəndələri "La Nacion" qəzetinin internet saytında yazının altında məktubun dərc edilməsi və yazıdakı fikirlərə münasibətdə çoxsaylı şərhlər yerləşdirmişlər ki, həmin şərhlərin də böyük əksəriyyəti qəzetin redaksiyası tərəfindən çıxarılmışdır. Əlacsız qalan yerli erməni icması özünün KİV-i olan və icmadan kənar oxucu kütləsi olmayan "Prensa Armenia" saytında Azərbaycan diplomatının fikirlərinə münasibətdə heç bir əsası olmayan fikirlər səsləndirmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti