...

Lüksemburqda Xocalı soyqırımı haqqında kitab və film təqdim edilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Fevral 2015 11:27 (UTC +04:00)
Lüksemburqda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə müvəfəqiyyətlə həyata keçirilən “Justice for Khojaly!” (Xocalıya ədalət !) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin nümayişi və “Khojaly Witness of a war crime – Armenia in the Dock” (Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) adlı kitabın təqdimatı keçirilib.
Lüksemburqda Xocalı soyqırımı haqqında kitab və film təqdim edilib (FOTO)

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Lüksemburqda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə müvəfəqiyyətlə həyata keçirilən "Justice for Khojaly!" (Xocalıya ədalət!) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində "Endless Corridor" ("Sonsuz dəhliz") sənədli filminin nümayişi və "Khojaly Witness of a war crime - Armenia in the Dock" (Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) adlı kitabın təqdimatı keçirilib.

Avropa-Azərbaycan Cəmiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov, Lüksemburqun ictimai-siyasi xadimləri, işgüzar dairələrin nümayəndələri, tələbələr və media mənsubaları, o cümlədən Lüksemburq-Azərbaycan Komersiya Palatasının prezidenti Dr. Mark Hübş, Qarabağ Mədəniyyət Assosiasiyasının baş katibi Eva Rodikin də iştirak edib.

Əvvəlcə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransadakı nümayəndəliyinin direktoru Mariya-Laetitia Gordin çıxış edib. O, Avropa Azərbaycan Cəmiyyətinin "Xocalıya ədalət!" kampaniyası çərçivəsində bu cür silsilə tədbirlərin təşkil etməkdən qürur duyduğunu bildirib. "Xocalıya ədalət!" təbliğat-təşviqat kampaniyasının 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradıldığını xatırladan natiq vurğulayıb ki, məqsəd dünya ictimaiyyətini Xocalı dəhşətləri haqqında məlumatlandırmaqdır.

M.Gordin qeyd edib ki, kampaniyanın uğurla həyata keçirilməsi regionda ədalətin bərpasına beynəlxalq dəstəyin təzahürüdür. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikanın 100 ölkəsində keçirilən tədbirlər vasitəsilə nümayiş etdirilib: "Lüksemburqdakı tədbirdən əlavə, TEAS "Xocalıya Ədalət!" kampaniyası çərçivəsində London, Paris, Strasburq, Brüssel, Berlin, Bern, Dublin, İstanbul, Ankara, Roma və Vilnüsdə də tədbirlər təşkil etməyi planlaşdırır".

Sonra o, Xocalı soyqırımının tarixi haqqında tədbir iştirakçılarına müfəssəl məlumat verib. Azərbaycan ərazilərinin işğalı prosesində bu cinayətin Xocalının dinc azərbaycanlı əhalisinə qarşı Emrənistan silahlı qüvvələri tərəfindən törədildiyini söyləyib. Bu sənədli filmin və kitabın da real faktlara əsaslanaraq hazırlandığını deyib.

Daha sonra çıxış edən F.İsgəndərov bildirib ki, "Xocalıya Ədalət!" kampaniyası çərçivəsində bütün dünyada bu kimi tədbirlər təşkil edilir. Bu axşam burada nümayiş olunan "Sonsuz dəhliz" filmi indiyədək Xocalı faciəsini və bu gün onu xatırlamağımızın səbəbini ən yaxşı izah edən tədbirdir.

F.İsgəndərov hər il fevralın sonunda bütün dünyadakı azərbaycanlıların Xocalıda baş vermiş soyqırımı ehtiramla yad etdiyini qeyd edib. Diplomat vurğulayıb ki, Azərbaycan müvəffəqiyyətlə Avropaya inteqrasiya etməkdədir, lakin onun çağdaş tarixinin qanlı səhifələrinin təkrar olunmamasının qarşısını almaq üçün onu başa düşmək lazımdır:

"Biz azadlığımızı qazanmaq üçün çox yüksək bədəl ödədik, Xocalı faciəsi də bunun bir hissəsi idi. Azərbaycan öz qonşuluğundakı ölkələr arasında sözün əsl mənasında azad ölkələrdən biridir. Mən özüm müharibə veteranıyam. 1992-ci il fevralın 26-da Xocalı faciəsinin nəticələrini görmək istəyən əcnəbi jurnalistləri müşayiət etmək mənə həvalə edilmişdi. Mən qətlə yetirimiş uşaqları və digər qurbanları öz gözümlə gördüm. Bununla yanaşı, mən həm də əcnəbi jurnalistlərin bütün bu olanlara qarşı reaksiyasının canlı şahidi oldum. Mən dərk etdim ki, bu mesajı təkcə Azərbaycanda deyil, həm də bütün dünyada gələcək nəsillərə çatdırmaq lazımdır. Xocalıdan sonra Avropada bir çox faciələr baş verib. Azərbaycan öz başına gələn faciəni digərləri ilə ona görə paylaşır ki, gələcəkdə belə faciələrin qarşısı alınmış olsun".

Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin Layihə koordinatoru İan Pört öz çıxışında "Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə" kitabının redaktorlarından biri olduğunu bildirib: "Mən Xocalı faciəsinin şahidləri və bu faciədən zərər çəkmiş insanların ilk ifadələrini toplayarkən 10 il idi ki, Azərbaycanda yaşayırdım. Bu hadisədən birbaşa zərərçəkmiş insanlarla şəxsən görüşdükdən sonra, mən bu faciənin miqyasını tamam başqa cür dərk etməyə başladım. Kitabda xocalılıların verdiyi ifadələr yer alıb. Bunlar sadəcə statistik məlumatlar deyil - bu insanlar 23 il bundan əvvəl başlarına gələnlərin fəsadları ilə yaşayırlar. Toplu Xocalı faciəsi haqqında Qərbdə ingilis dilində nəşr olunmuş ilk müstəqil nəşrdir. Zamanında bir çox xarici jurnalistlər baş verənləri nəşr etdirmək üçün öz redaktorlarını dilə tutmaqda problemlərlə üzləşiblər. Kitabda həm Qərbdə, həm də Rusiya mətbuatında nəşr olunmuş, eləcə də beynəlxalq insan haqları təşkilatlarının dərc etdiyi birinci əl reportajlar yer alıb. Hazırda beynəlxalq təşkilatlar Azərbaycanın güzəştə getməsini təkid edir, lakin əgər sən həyat yoldaşını və evini itirmisənsə, bu qeyri-mümkündür".

Tədbirdə litvalı prodüser Aleksandr Brokas və amerikalı prodüser Cerald Rafşunun birgə ərsəyə gətirdikləri "Endless Corridor" ("Sonsuz dəhliz") adlı filmin nümayişi olub. Film britaniyalı aktyor Ceremi Ayronz tərəfindən səsləndirilib. Ceremi Ayronz Britaniya Film və Televiziya İncəsənəti Akademiyasının (BAFTA) "Academy Award", Cerald Rafşun isə ABŞ-ın "Emmy Award" mükafatlarına layiq görülüblər. Xatırladaq ki, filmin premyerası ötən ilin iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilmişdir. Film Azərbaycan, türk, fransız, italyan, ispan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.

Film erməni təcavüzünün qorxunc nöqtəsini üzə çıxaran Xocalı qırğınının ağlagəlməz dəhşətlərini əks etdirən canlı sənədli filmdir. Filmdə litvalı jurnalist Riçard Lapaitis o vaxtdan bəri unuda bilmədiyi hekayəti - Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsini iyirmi ildən sonra hərbi müxbir kimi nəql edir. R.Lapaitis Xocalı faciəsindən sağ çıxanlarla yenidən görüşür və ermənilərin atəşi altında "Sonsuz dəhliz" də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürək dağlayan hekayətlərini dinləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti