Azərbaycan xəbərlər xidməti
Elçin Mehdiyev - Trend:
Son onilliklərin iri qaz layihəsi olan TANAP-ın təməlinin qoyulması fonunda Ermənistan prezidenti Serj Sarkisyanın Yerevanda Avronest Parlament Assambleyasının plenar iclasının açılışında bəyanatı, demək olar, nəzərə çarpmadı.
Bu, region və qitənin iri enerji layihələri fonunda başa düşüləndir. Həmçinin ona görə ki, bütün bu layihələr Ermənistandan yan keçir. Bu baxımdan acınacaqlı vəziyyətdə olan dövlət başçısının bəyanatı xüsusi əhəmiyyət kəsb etmir.
Lakin bunları xüsusilə Ermənistanın Dağlıq Qarabağ üzrə böyük sülh sazişini hazırlamaqdan imtina etməsi ilə bağlı son xəbərləri nəzərə alaraq diqqətdən kənarda saxlamaq olmaz. İclasda Azərbaycan nümayəndə heyətinin iştirak etməməsindən istifadə edən Sarkisyan "fikrini bildirmək" qərarına gəlib. Əlbəttə ki, ənənəvi olaraq bütün bəyanatlar Bakıya ittihamlardan ibarət olub. Dünya ermənilərinin Dağlıq Qarabağ məsələsində mövqeyinin zəiflədiyi şəraitdə Avronest-in iclasını arena kimi istifadə etməmək Sarkisyan üçün böyük səhv olardı.
Sarkisyan bəyan edib ki, "Azərbaycandan fərqli olaraq Ermənistan sülhü təbliğ edir". Sən demə, Azərbaycanın 20 faiz ərazisini işğal etmiş, Gürcüstan və Türkiyənin ərazilərinə daim iddia edən ölkə sülhü təbliğ edirmiş. Ən azı gülməlidir, maksimum isə məntiqlə bağlı problem var, yaxud sayıqlamadır (lakin bu, heç kəsi artıq təəccübləndirmir).
Sarkisyan təəssüf edir ki, "Azərbaycan tərəfi konstruktiv dialoqun qurulması üzrə addımlarımıza cavab vermir. Qonşumuz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında destruktiv və maksimalist yanaşma göstərir ki, bu da qorxuludur.." Yəni Bakının böyük sülh sazişi üzərində işə başlamağın zəruriliyi barədə bəyanatı konstruktiv dialoq və destruktiv yanaşmadan imtina deməkdir. "Maksimalist yanaşma" da sual doğurur. İşğal edilmiş əraziləri azad etmək və qaçqın və məcburi köçkünləri doğma yurdlarına qaytarmaq tələbini (qanuni, beynəlxalq təşkilatlar və BMT-nin qətnamələri ilə təsdiq edilmiş) maksimalist yanaşma hesab etmək olarmı? Yenə də sayıqlama.
Sarkisyan bəyan edir ki, "Azərbaycan həmsədrlərin təklif etdiyi prinsiplər əsasında münaqişənin nizamlanmasından yayınmaq üçün uydurma bəhanələr tapır". O, həm də qeyd edir ki, "Avropa və dünya dəyərləri əsasında xalqların iradələrini azad ifadə etməsinə alternativ yoxdur".
Lakin bütün bu bəyanatlar reallıqla uyğunlaşmır. Ermənistan xalqı artıq yerini müəyyən edib və Azərbaycanın daha əvvəl verdiyi ərazilərdə öz dövləti var. Yeni erməni dövləti yoxdur və olmayacaq.
Ermənistan prezidenti artıq başa düşməlidir ki, işğal edilmiş ərazilərdə özbaşına elan edilən rejimin məhv edilməsi əslində hətta hüquqi baxımdan ittiham edilə bilməz. Bu işğalçı rejimi heç kəs tanımayıb. Faşistlərin işğal etdiyi ərazilərdə qaulayterliyin aradan qaldırılmasını heç kəs ittiham etmirdi. Onların və bunların mahiyyəti faşizm, təcavüz və işğaldır.
Hazırda baş verənlərə əsasən demək olar ki, Ermənistanın sonunun çatması vaxt məsələsidir. Onun hakim dairələri ölkəni daxildən məhv edir. Əgər onlar bu məsələni sürətləndirmək istəmirlərsə, işğal edilmiş ərazilərin azad edilməsi barədə düşünməlidirlər.