...

Deputatdan Minsk qrupunun bəyanatına reaksiya: "Bu yanaşmanı qəbul edə bilmirəm"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Yanvar 2016 18:37 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun son bəyanatı qərəzli və ikili standartlardan başqa bir şey deyil.
Deputatdan Minsk qrupunun bəyanatına reaksiya: "Bu yanaşmanı qəbul edə bilmirəm"

Bakı. Elçin Mehdiyev - Trend:

ATƏT-in Minsk qrupunun son bəyanatı qərəzli və ikili standartlardan başqa bir şey deyil. Bunu Trend-ə millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Rövşən Rzayev ATƏT-in Minsk qrupunun AŞ PA-da Dağlıq Qarabağla bağlı müzakirə ediləcək məruzələrlə əlaqədar bəyanatına münasibət bildirərkən deyib.

R.Rzayev bildirib ki, digər beynəlxalq təşkilatların, digər ölkələrin parlamentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Azərbaycanın maraq dairəsindədir: "Biz Azərbaycanın ədalətli mövqeyini digər dövlətlərdə səsləndirməklə həm ATƏT-in Minsk qrupunun həmsədr ölkə rəhbərlərinə, həm də beynəlxalq aləmə göstərmək istəyirik ki, problemi sülh yolu ilə həll etmək hələ də gec deyil".

Millət vəkili hesab edir ki, bu gün AŞ PA-da Dağlıq Qarabağla bağlı iki məruzənin qəbul edilməsi labüddür: "Digər beynəlxalq təşkilatların, o cümlədən BMT-nin 4 qətnaməsini yada salsaq, ATƏT-in Minsk qrupundakı məsul insanlar bu kimi qətnamələrə daha dəqiq qiymət verməyi bacarmalıdırlar. O ki qaldı onların bugünkü mənfi mövqeyinə, bu, qərəzli və ikili standartlardan başqa bir şey deyil. Mən həmsədrlərin son yanaşmalarını qətiyyən qəbul edə bilmərəm, əslində isə onlar özləri də maraqlı olmalıdırlar ki, işğalçı dövlət konstruktiv mövqeyə yaxınlaşsın".

R.Rzayev bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktı göz qabağındadır: "İşğal nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, Dağlıq Qarabağda etnik təmizləmə həyata keçirilib, Xocalı soyqırımı törədilib. Bu faktları görməmək, ədalətli qiymət verməmək onların öz vəzifə borclarına kifayət qədər ədalətli yanaşmamasından irəli gəlir".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun bu gün yaydığı bəyanatda həmsədrlərin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olan hər kəslə birgə işləməyə hazır olduğunu vurğulanır: "Biz anlayırıq ki, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) yaxın vaxtlarda münaqişə ilə bağlı qətnaməyə baxa bilər və biz AŞ PA-ya, digər regional və beynəlxalq təşkilatlara xatırlatmaq istəyirik ki, Minsk qrupu danışıqlar üçün yeganə məqbul format olaraq qalır. ATƏT-in Minsk qrupu AŞ PA üzvlərinin maraqlarını qiymətləndirir, lakin həmsədrlər Minsk qrupunun mandatını sarsıda biləcək və ya davam edən danışıqları çətinləşdirəcək addımlardan çəkinməyə çağırır".

Xatırladaq ki, AŞ PA-nın 25-29 yanvar tarixlərində keçiriləcək sessiyasında Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və Militsa Markoviçin müəllifi olduğu "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı məruzələr dinləniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti