Bakı. Trend:
Dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların, dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların, dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına, o cümlədən dövlət büdcəsindən, büdcədənkənar dövlət fondlarından, məqsədli büdcə fondlarından ayrılan vəsaitdən, habelə digər dövlət vəsaitindən təyinatı üzrə istifadə olunmamasına, yaxud büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin təsdiq edilmiş smetaya uyğun xərclənməməsinə, normativdən artıq ştat vahidinin saxlanılmasına görə dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların, dövlətə məxsus olan hüquqi şəxslərin vəzifəli şəxsləri inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin yüz faizi məbləğində cərimə ediləcək.
Bu əməli ilk dəfə törətmiş şəxs inzibati xətanın bilavasitə obyekti olmuş vəsaiti tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunacaq.
Burada "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulacaq.
Mövcud qanunvericiliyə görə, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından, həmçinin məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, yaxud büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılması, bu əməllər iki min manatadək məbləğdə törədildikdə dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri dörd yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Eyni əməllər iki min manatdan dörd min manatadək məbləğdə törədildikdə dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Eyni əməllər dörd min manatdan yuxarı məbləğdə törədildikdə dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri dörd min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
