Bakı. Trend:
Hazırda Azərbaycanda 1 milyon 99 min pensiyaçı qeydiyyatdan keçmişdir və bu ölkə əhalisinin 10.7 faizi deməkdir. Pensiyaçıların 65 faizi yaşa görə pensiya alır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında deyib.
Millət vəkili bildirib ki, pensiya məbləğlərində artım tendensiyası davam etməkdədir.
“2025-ci ildə pensiya məbləğləri 9,1 faiz artaraq 541,6 manata çatıb. Yaşa görə pensiya məbləğində 8,9 faiz, əlilliyə görə pensiya məbləğində 8,7 faiz, ailə başçısını itirməyə görə pensiya məbləğində isə 9,4 faiz artım qeydə alınıb. Aylıq sosial müavinət alanları sayı 4,1 faiz artıb. Hazırda 472 min vətəndaşımız aylıq müavinət alırlar”.
Deputat vurğulayıb ki, çoxuşaqlı ailələrin dəstəklənməsi prioritet olaraq qalmaqdadır:
“Çoxuşaqlı ailələrdə aylıq müavinət alan uşaqların sayında 7,3 faiz artım qeydə alınıb. 1 yaşınadək uşağı olan və aylıq müavinət alan ailələrin sayında isə 17.6 faiz artım olub”.
V.Bayramov əlavə edib ki, qanunvericiyə edilən son dəyişikliklərdən sonra əlilliyi olan övladlığa götürülən uşaqların sayı isə 40 faiz artıb:
“İnkluzivliyi dəstəkləyən bu humanitar fəaliyyət əlilliyi olan daha çox uşaqların övladlığa götürülməsi imkan yaradıb. 2026-cı il yanvarın 1-i vəziyyətinə 76,1 min aztəminatlı ailənin 336,0 min üzvü ünvanlı dövlət sosial yardımı alıb ki, bu vəsaitlər ödənilən zaman ailədəki uşaqların sayı da nəzərə alınır”.
