Bakı. Trend:
233 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi martın 17-də dərsdən qaçmaq istəyərkən II mərtəbinin pəncərəsindən yıxılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil idarəsindən məlumat verilib.
Qeyd olunub ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb:
"Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır", məlumatda vurğulanıb.
xxx
13:10
Bu gün saat 10:25 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, 233 saylı məktəbdən çağırış daxil olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilir ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2011-ci il təvəllüdlü yeniyetməyə (kişi) sol ayağın küt zədəsi diaqnozu ilə yerində tibbi yardım olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə hadisənin məktəbdə baş verdiyi barədə iddialar yayılıb.
Yayılan məlumatlara görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən Cəmil Niftəliyev adına 233 saylı məktəbin 8-ci sinif şagirdi dərsdən qaçmaq istəyərkən ikinci mərtəbədən tullanıb.
Hadisə ilə bağlı məktəbə sorğu ünvanlanıb.
