Bakı. Trend:
Müharibə bitdikdən sonra Hörmüz boğazının yeni hüquqi rejimi iqtisadi cəhətdən diqqət mərkəzində durmalıdır.
Trend-in məlumatına görə, bunu İranın Ali Liderinin müşaviri Məhəmməd Moxber bu gün Tehranda iş adamları, universitet nümayəndələri və iqtisadi məsələlər üzrə ekspertlərlə görüşdə deyib.
Onun sözlərinə görə, Hörmüz boğazının məhdudlaşdırılması və yaxud bağlanması məsələsi ölkə iqtisadiyyatı üçün önəmli məsələlərdən biridir.
Moxber deyib ki, hazırda diplomatiya, iqtisadiyyat, təhlükəsizlik və hərbi sahə birgə çərçivədə formalaşmaqdadır və ölkədə koordinasiya və birlik İranın uğurlarından biri hesab olunur.
Moxber qeyd edib ki, enerji təhlükəsizliyi regionun stabilliyi ilə birbaşa əlaqədədir. Enerji tranziti istiqamətlərində destabilliklə nəticələnən hər bir qərar regionda iqtisadi təzyiqlərin yaranmasından əlavə beynəlxalq iqtisadiyyata öz mənfi təsiri göstərə bilər.
Qeyd olunur ki, hərbi hava hücumları nəticəsində 17 tibb işçisi ölüb, 101 nəfər yaralanıb. Sözügedən müddətdə 159 səhiyyə mərkəzi, 36 müalicə mərkəzi, 46 təcili yardım məntəqəsi, 6 xəstəxana tam şəkildə dağılıb.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
