...

Fransız deputat: Fransa yerli hakimiyyətlərin Dağlıq Qarabağda tanınmamış rejimlə istənilən əməkdaşlıq cəhdlərinin qarşısını almalıdır (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Aprel 2016 12:54 (UTC +04:00)
Fransa yerli idarəetmə orqanlarının Dağlıq Qarabağda tanınmamış rejimlə istənilən əməkdaşlıq cəhdlərinin qarşısını almalıdır.
Fransız deputat: Fransa yerli hakimiyyətlərin Dağlıq Qarabağda tanınmamış rejimlə istənilən əməkdaşlıq cəhdlərinin qarşısını almalıdır  (FOTO)

Bakı. Səba Ağayeva - Trend:

Fransa yerli idarəetmə orqanlarının Dağlıq Qarabağda tanınmamış rejimlə istənilən əməkdaşlıq cəhdlərinin qarşısını almalıdır.

Bunu Trend-ə Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel deyib.

Onun sözlərinə görə, Fransada hansı siyasi qüvvələrin hakimiyyətdə olmasına baxmayaraq, Azərbaycan və Fransa arasında münasibətlər həmişə yüksək səviyyədə olub: "Nikola Sarkozinin prezidentliyi dövründə də münasibətlər belə yüksək səviyyədə olub, münasibətlər Fransua Ollandın ölkə Prezidenti olduğu bu gündə də davam edir. Ölkələr arasında yaxşı müqavilə-hüquq bazası var, siyasi, iqtisadi, humanitar münasibətlər uğurla inkişaf etməkdədir".

J.F.Manselin sözlərinə görə, eyni zamanda sirr deyil ki, Fransada sayı təxminən 600 min nəfərdən çox olan güclü erməni lobbisi var: "Erməni lobbisinin nümayəndələri kifayət qədər fəaldırlar və ölkənin siyasətinə ciddi təsir göstərərək bu məsələdə seçki şantajlarına əl atırlar".

O diqqətə çatdırıb ki, vəziyyəti təhlil etsək, görərik ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionundakı yaşayış məntəqələri ilə əməkdaşlıq haqqında saziş imzalayan və separatçı rejimə dəstək verən Fransa şəhərləri, yerli idarəetmə orqanları tarixən ermənilərin mühacirət etdiyi şəhərlərdir.

Assosiasiya prezidenti deyib ki, bu şəhərlərin yerli idarəetmə orqanları xeyli sayda erməni əsilli seçicilərin olmasına görə hamıdan daha çox erməni təsirinə məruz qalır: "Təbii ki, insan öz düşüncəsində azaddır, lakin o, rəhbər vəzifədədirsə, bütün hərəkətləri hüquq çərçivəsində olmalı və qanunvericiliklə ziddiyət təşkil etməməlidir. Fransa qanunvericiliyinə əsasən, yerli idarəetmə orqanları tanınmamış qurumlarla əməkdaşlıq etməməlidirlər. Ötən il Fransa Milli Assambleyasında fəaliyyətim çərçivəsində Fransanın ayrı-ayrı şəhərlərinin yerli idarəetmə orqanları və Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış separatçı qurumların yaşayış məntəqələri arasında imzalanmış "əməkdaşlıq haqqında xartiyalar"la bağlı vəziyyəti şərh etmək xahişi ilə ölkənin daxil işlər nazirinə sorğu göndərdim. Daxili işlər naziri hakimiyyətin mövqeyini və qanunvericiliyin müddəalarını aydın izah etdi, buna görə Fransa Dağlıq Qarabağdakı rejimi tanımır və özünü "rəhbərlər" adlanlandıran şəxslərlə heç bir əlaqəsi yoxdur, eyni zamanda Fransa şəhərlərinin yerli hakimiyyət orqanları və separatçı Dağlıq Qarabağ ərazisindəki yaşayış məntəqələri arasında əməkdaşlıq haqqında istənilən imzalanmış sənəd qanunsuz hesab olunur və heç bir hüquqi qüvvəyə malik deyil".

Onun sözlərinə görə, Fransa hökumətinin bu rəsmi mövqeyi 2 iyul 2015-ci il tarixində ölkənin xarici və daxili işlər nazirlərinin imzaladığı və onu Fransa şəhərlərinin merləri ilə tanış etmək üçün bütün regionlara göndərilmiş sirkulyarda öz əksini tapıb: "Fransanın Azərbaycan və Ermənistanla yaxşı münasibətləri var və ölkə ATƏT-in Minsk qrupunun həmsədridir, beynəlxalq öhdəliyi var, lakin yerli idarəetmə orqanlarının belə qanunsuz fəaliyyəti ölkənin münaqişə üzrə mövqeyi ilə ziddiyət təşkil edir. Etiraf edirəm ki, Fransanın siyasətində müəyyən nöqsan və səhvlər var və bu erməni lobbisinin fransız siyasətçilərinə təsirinin nəticəsidir".

Deputat əlavə edib ki, Fransa münaqişənin nizamlanmasında daha fəal mövqe tutmalı, Ermənistana təsir imkanlarından istifadə etməli, onu danışıqlar masası arxasına oturmağa məcbur etməli və BMT TŞ-nin qətnamələrini yerinə yetirməyi və ilk növbədə Azərbaycanın işğal edilmiş ərazilərini azad etməyi tələb etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti