Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması Müstəqil Futbol Federasiyaları Konfederasiyasının (CONIFA) gələn ilin iyununda Dağlıq Qarabağda "2019 Avropa Futbol Kuboku”nun keçiriləcəyi ilə əlaqədar narahatlığını bildirib.
İcmadan Trend-ə verilən məlumata görə, bununla bağlı İcmanın rəhbəri Tural Gəncəliyev Müstəqil Futbol Federasiyalari Konfederasiyasının Prezidenti Per-Anders Blində məktub ünvanlayıb.
Məktubda deyilir: "Mən sizə yazmaqla, sizin internet səhifənizdə dərc olunmuş məlumata əsasən Müstəqil Futbol Federasiyaları Konfederasiyasının (CONIFA) 2019-cu ilin iyun ayında Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsində "2019-cu il Avropa Futbol Kuboku”nun keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının dərin narahatlığını və hiddətini bildirmək istəyirəm".
Qeyd edilir ki, Ermənistanın hərbi təcavüzü Azərbaycan torpaqlarının iyirmi faizinin - Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğalına səbəb olub:
"Ermənistan işğal olunmuş ərazilərdə, o cümlədən Dağlıq Qarabağda etnik təmizləmə siyasətini həyata keçirmişdir. Bu siyasətin aparılması etnik təmizləmə ilə nəticələnmiş, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olmuşdur. Hal-hazırda, Dağlıq Qarabağın azərbaycanlı icmasının 80 mindən çox üzvü Azərbaycanın müxtəlif bölgələrində 30 ildən çox müddət ərzində məcburi köçkün kimi yaşayır.
CONIFA tərəfindən bu turnirin təşkili beynəlxalq hüquq normaları və prinsiplərini açıq şəkildə pozur və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların rəsmi mövqeyinə ziddir. CONIFA tərəfindən bu təxribat aktı yalnız regional sülh və sabitliyə təhlükə yaratmır, həm də sülh prosesini və tərəflər arasında aparılan danışıqlara xələl gətirir".
Məktubda xatırladılır ki, işğal olunmuş ərazilərdən azərbaycanlıları təmsil edən yalniz bir peşəkar "Qarabağ” futbol klubu mövcuddur:
"Hal-hazırda, bu klub erməni qoşunlarının işğalı altında olan və tamamilə məhv edilmiş Ağdam şəhərindən uzaqda, Bakıda ev oyunlarını keçirir. Buna baxmayaraq, "Qarabağ FK”-u Ağdamdan kənarda yaşamağa və oynamağa məcbur olunsa da, klub UEFA-nın Çempionlar Liqasının qrup mərhələsində iştirak edərək dünya səviyyəsində tanınmışdır. Burada biz CONIFA-nın hərəkətlərinin UEFA-nın qayda və qanunlarına tamamilə zidd olduğunu, Avropa və dünya idman ictimaiyyətinə hörmətsizlik göstərdiyini görürük.
Bununla bağlı, planlaşdırdığınız turnirin zərərli xarakterdə olduğunu qəbul etməyə və sizi turniri dərhal ləğv etməyə çağırıram. Bu təxribatçı hərəkət Azərbaycanın işğal olunmuş ərazilərindəki qeyri-qanuni rejimi təşviq etməklə yanaşı, erməni hərbi işğalı ilə artıq dağıdılmış bölgədə separatizm və irredentizmi həvəsləndirir. Bu turniri müharibə bölgəsində təşkil etməklə, CONIFA və siz, onun prezidenti olaraq, turnirin iştirakçıları, xarici jurnalistlər və digər media nümayəndələrini Azərbaycanın işğal olunmuş ərazilərinə göndərməklə onların həyatına görə ciddi şəkildə məsuliyyət daşıyırsınız.
BMT Təhlükəsizlik Şurasının qətnamələri Dağlıq Qarabağ bölgəsini Azərbaycanın tərkib hissəsi kimi tanıyır və erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən təcili və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu tələb Qoşulmama Hərəkatı, ATƏT, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələri və qərarları ilə təsdiqlənmişdir".