Bakı. Ləman Zeynalova – Trend:
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan birbaşa danışıqları davam etdirməyə razılaşıblar.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanatında deyilir.
Bəyanatda qeyd olunur: “Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bu gün ilk dəfə Vyanada ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa, Endrü Şofer – ABŞ) himayəsi altında görüşüblər. Görüşdə, həmçinin xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər”.
Bildirilir ki, görüş müsbət və konstruktiv şəraitdə keçib və iki liderə öz mövqelərini aydınlaşdırmağa imkan verib: “Onlar nizamlama prosesinin bir sıra əsas məsələləri və danışıqların gedişatının mahiyyəti üzrə fikir mübadiləsi aparıblar. Hər iki lider sülhə xidmət edən şəraitin yaradılmasının və danışıqlar prosesində münaqişənin sülh yolu ilə həllinin tapılması üçün daha konkret və təsirli tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.
Düşənbədə söhbətlərini yada salan liderlər atəşkəsin möhkəmləndirilməsi və birbaşa ünsiyyət mexanizminin təkmilləşdirilməsinin zəruriliyini bir daha təsdiqləyiblər. Onlar, həmçinin humanitar sahədə bir sıra tədbirlərin işlənib hazırlanması barədə razılığa gəliblər".
Qeyd olunub ki, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri xarici işlər nazirlərinə yaxın gələcəkdə həmsədrlərlə görüşməyi tapşırıblar: "Onlar, həmçinin birbaşa dialoqu davam etdirməyə razılaşıblar”.