Bakı. Samir Əli - Trend:
"Avropa Birliyi (AB) Dağlıq Qarabağ münaqişəsini həll edən deyil. Lakin onların problemin həlli ilə bağlı müəyyən mexanizmləri mövcuddur".
Trend-in məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, əsas məsələ Aİ-nin, bu birliyə daxil olan dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsidir: "Bildiyiniz kimi, Avropa Komissiyası yenidən formalaşmaqdadır. Lakin son sədr Donald Tusk Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bununla yanaşı Avropa Komissiyası işğalçı ölkənin qondarma Dağlıq Qarabağda keçiriləcək "seçkiləri", Ermənistanın baş naziri Nikol Paşinyanla avqust ayında səsləndirdiyi bəyanatı pisləyir".
Mərkəz sədri söyləyib ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv iştirak edə bilməz, çünki problemin həlli ilə bağlı ATƏT-in Minsk qrupu çalışır: "Avropa Komissiyası da münaqişənin həllində öz fəal rolunu görmür. Onlar sadəcə müəyyən layihələrə dəstək verə bilər. Əsas odur ki, Avropa Birliyi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində bizi dəstəkləyir".