Aprelin 12-13-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi təkrar pozub. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Aprelin 12-də saat 20.26-da Noyamberan rayonunun Vozkevan kəndi sahəsində yerləşən düşmən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı mövqelər, saat 23.35-dən 23.45-dək Krasnoselsk rayonunun ərazisindəki yüksəkliklərdə yerləşən düşmən mövqelərindən isə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki üzbəüz mövqelər atəşə tutulub.
Aprelin 13-də saat 00.00-dan 00.10-dək İcevan rayonunun Berkaber kəndinin şimal-şərqində yerləşən düşmən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Məzəmli və Qızıl Hacılı kəndləri yaxınlığındakı mövqeləri, saat 00.55-də Qazax rayonunun Məzəmli kəndi yaxınlığında yerləşən düşmən mövqeləridən isə həmin kənd avtomat və pulemyotlardan atəşə tutulub.
Cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.