Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Rusiya Azərbaycandakı məcburi köçkünlərin ən yoxsul təbəqələrinə Birləşmiş Millətlərin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) beyənlxalq humanitar təşkilatının fəaliyyəti çərçivəsində yardım etmək üçün ilk dəfə 2 mln. dollar dəyərində ianə verib.
"Rusiya tərəfindən Azərbaycana edilən 2 milyon ABŞ dolları dəyərində olan bu ianə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində köçkün düşmüş insanların ən yoxsul təbəqələrinə yardımı davam etdirmək imkanını yaradacaq", - deyə ÜƏP-in Azərbaycan üzrə Ölkə Direktoru, xanım Linn Miller BMT-nin Bakı ofisi tərəfindən cümə günü yayılmış mətbuat üçün məlumatda bildirib.
Rusiya tərəfindən töhvə edilən vəsaitin hesabına buğda unu və bitki yağı alınacaq ki, bu da, məcburi köçkünlərin ərzaq tələbatlarını növbəti dörd ay müddətində ödəyəcəkdir. 2003-cü ildə ÜƏP-in getdikcə böyüyən səxavətli donorlar siyahısına daxil olunduqdan sonra Rusiya Federasiyası ÜƏP-in dünya üzrə fəaliyyətinə 44 milyon ABŞ dolları dəyərində yardım ayırıb. Bu il ərzində Rusiya ÜƏP-in Əfqanıstan, Ermənistan, Azərbaycan, Kuba və Tacikistandakı fəaliyyətinə yardım etmək üçün 11 milyon ABŞ dolları dəyərində vəsait ayırıb.
Hələ may ayında Rusiya BMT ÜƏP vasitəsilə Ermənistana 2 mln. dollar məbləğində humanitar yardım ayırıb.
ÜƏP Azərbaycanda fəaliyyətinə 1994-cü ildə məcburi köçkün düşmüş yarım milyon nəfərdən çox insana fövqəladə yardım göstərməklə başlayıb. Tədricən məcburi köçkünlərin böyük bir hissəsi şəhər yerlərinə köçmüş və ÜƏP diqqəti kənd ərazilərində qalan və hələ də böyük ehtiyac içində olan insanlara yardım etməyə yönəldib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1990-ci illərin əvvəllərində 800 min nəfərə yaxın Azərbaycanlının köçkün vəziyyətinə düşməsinə səbəb olub. ÜƏP-in Azərbaycandakı cari fəaliyyəti onlardan 154 min nəfərinə yardım göstərir.
Müddəti 2008-ci ilin ortalarına qədər olan ÜƏP-in cari layihəsi 15,9 milyon ABŞ dolları dəyərindəir; hal-hazırda maliyyə təminatında 38 faizlik çatışmazlıq mövcuddur. ÜƏP-in Azərbaycandakı əməliyyatına yardım edən donorlar aşağıda göstərilən dövlətlərdən ibarətdir: Azərbaycan (3 mln. dollar), Rusiya Federasiyası (2 mln. dollar), Yaponiya (100 min dollar); özəl ianələr (69 min dollar) və çoxtərəfli ianələr (4 mln. dollar).