...

Azərbaycanın müxalifət partiyaları proporsional seçki sisteminin bərpasını tələb edirlər

Siyasət Materials 27 Sentyabr 2007 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın müxalifət partiyaları proporsional seçki sisteminin bərpa olunmasını tələb edir, hakim pariya isə bunun əleyhinədir. Bu barədə Trend ə müxtəlif siyasi partiyaların rəhbərləri açıqlamalar veriblər.

Azərbaycanda proporsional (parlament seçkisində partiya şəklində iştirak) seçki sistemi 2002-ci ildə keçirilmiş referendumla ləğv edilib, yalnız mojaritar sistem (namizədlərin fərdi şəkildə iştirakı) saxlanılıb.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, bir neçə müxalifət partiyasının təmsil olunduğu məşvərət qurumu seçki qanunvericiliyinin təkmilləşdirilməsinə dair vahid mövqedən çıxış edərək, ümumi təkliflər hazırlayır. Onların layihəsində Azərbaycanda proporsional seçki sisteminin bərpa olunması təklif edilir. Cəlaloğlu bildirib ki, təkliflər sənədi oktyabrda bütün müxalifət partiyalarının birgə müzakirəsinə çıxarılacaq, daha sonra Avropa Şurası Venesiya Komissiyasına və Azərbaycan hökumətinə təqdim ediləcək.

Müxalifətçi Ümid Partiyasının sədri İqbal Ağazadə də bildirib ki, onun partiyası Seçki Məcəlləsinə dəyişikliklər layihəsi hazırlayaraq, Milli Məclisə təqdim edib. Ümid Partiyası proporsional seçki sisteminin bərpa olunmasını təklif edir.

Eyni təkliflə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev də çıxış edib. BAXCP-nin hazırladığı sənəddə, 2010-cu ildə parlament seçkilərinin qarışıq, 2015-ci ildən isə, tamamilə proporsional sistemlə keçirilməsi, mojaritar seçki sisteminin isə, ləğv olunması təklif edilir.

Üç partiyanın (AXCP, ALP, VİP) təmsil olunduğu "Azadlıq" müxalifət bloku da

parlament seçkilərinin proporsional seçki sistemi üzrə keçirilməsini tələb edir.

Müxalifət partiyalarının rəhbərləri proporsional sistemin bərpası tələblərini siyasi partiyalarının rolunun artırılması ilə izah edirlər. Onlar hesab edirlər ki, siyasi partiyalar parlamentdə təmsil olunmalı, Konstitusiyaya dəyişiklik edilərək, hökumət parlamentdəki partiyalar tərəfindən formalaşdırılmalıdır.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə, bildirib ki, hakimiyyət proporsional sistemi tətbiq etməyi düşünmür. O, hesab edir ki, bu məsələdə müxalifət partiyalırının deyil, xalqın rəyi önəmlidir: "Xalq da 2002-ci ildə keçirilmiş referendumla öz rəyini bildirib. Hər dəqiqə Konstutisiyaya dəyişiklik edilməsinə ehtiyac görmürük"-deyə Qurbanlı bildirib.

Xəbər lenti

Xəbər lenti