...

Iran hüquq müdafiəçisi: "İranda məhbuslara məhkəməsiz edam cəzası verilir"

Siyasət Materials 3 Oktyabr 2007 18:51 (UTC +04:00)
Iran hüquq müdafiəçisi: "İranda məhbuslara məhkəməsiz   edam cəzası verilir"

Azərbaycan, Bakı/ Trend , müxbir D.Xatınoğlu/ İranda məhbuslara məhkəmə keçirilmədən, qanunsuz şəkildə edam cəzaları kəsilir. Bu fikirləri İran hüquq müdafiəçisi, məhbusları müdafiə təşkilatının sədri İmadəddin Baqi (Emadəddin Baghi) çərşənbə günü Tehrandan telefonla Trend ə verdiyi açıqlamasında bildirib.

Hüquq müdafiəçilərinin verdiklərii məlumatlara görə, İranda 1979-ci il inqilabından indiyədək, təxminən 110 min nəfər məhbus, məhkəməsi keçirilmədən, edam olunub. Bu məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Təkcə 2005-ci ildən bəri İranda 450 nəfərdən çox edam olunmuş şəxsin əksəriyyətinin məhkəməsinin keçirilmədiyini bildirirlər. Almaniyada fəaliyyət göstərən Dünya Edam Əleyhinə Kampaniyanın açıqlamasında da bildirilib ki, İranda edam olunmuş şəxslərin əksəriyyəti ədalətsiz şəkildə cəzalandırılıblar.

İmadəddin Baqi bildirib ki, İran hakimiyyəti tərəfindən edama məhkum olunmuş insanların nə vəkil tutmağa, nə də özlərini müdafiə etməyə imkanları var. "Son iki ildə İranda görünməmiş dərəcədə repressiyaların şahidiyik. Repressiyalar təkcə siyasi şəxslər və təşkilatlara deyil, mədəni fəaliyyətlə məşğul olan insanlara da tətbiq edilir"-deyə hüquq müdafiəçisi bildirib.

Onun sözlərinə görə, keçən aylar ərzində bir sıra siyasətçilərin məhkəməyə verilməsindən əlavə, bəzi mətbuat orqanlarının fəaliyyəti səbəbsiz dayandırılıb. Bir neçə aydır məhkəməyə verilən "Həmşəhri" qəzetinə qarşı hansı ittihamların irəli sürüldüyü hələ də məlum deyil.

"İranda edam, işgəncə və siyasi məhbuslar məsələsi bir tərəfə, söz azadlığının olmadığı və ictimai repressiyaların həyata keçirilməsi də açıq-aşkar müşahidə olunur"-deyə hüquq müdafiəçisi açıqlama verib.

İranın qeyri-rəsmi "İranpressnews" xəbər agentliyi ölkədə "Kəhrizək" və "Evin" zindanlarında saxlanılan bir məhbusun dediklərinə və bəzi qeyri- rəsmi mənbələrə istinadən məlumat yayıb ki, bu həbsxanalarda siyasi fəaliyyətlə məşğul olmuş şəxslər fiziki və psixi işgəncələrə məruz qalırlar. Onlara yemək və su limitlə verilir və siyasi məhbusların 80 faizi təhlükəli xəstəliklərə tutulublar. Edama məhkum olunmuş gənc siyasətçi Meysəm Lütfi, anası ilə görüşündə ona bildirib ki, keçən aylar ərzində 10 nəfər işgəncələr nəticəsində həbsxanada ölüb. "İranpressnews" , həmçinin məlumat yayıb ki, bəzi məhbuslara "Ağ vərəqə" imzaladıblar.

Baqi bildirib ki, bu məlumatda deyilənlərin bəzisi şaiyiə olsa da, İran həbsxanalarında, həqiqətən , işgəncələrin baş-alıb getdiyi danılmaz faktdır: "İran hakimiyyəti həbs etdiyi ABŞ vətəndaşı Halə İsfəndiyari və bir neçə nəfər tələbəyə işgəncə verməmək müqabilində, onlardan tələb edib ki, mətbuata müsahibələrində, həbsxanalarda işgəncə hallarının olmadığını desinlər. Bunlar hakimiyyətin aldadıcı təbliğatıdır" -deyə Baqi məlumat verib.

İran əsilli ABŞ vətəndaşı İsfəndiyari "casusluq" ittihamı ilə 3 ay həbsxanada saxlanıldıqdan sonra, 110 min dollar maliyyə zəmanəti ilə, keçən ay azadlığa buraxılıb. H.İsfəndiyari mətbuata verdiyi musahibədə həbsxana məmurlarının onunla mehribancasına davrandıqlarını bildirib.

Hüquq müdafiəçisi xatırladıb ki, 1988-ci ildə İran həbsxanalarında siyasətçilərə "ağ vərəq" imzalatdıraraq , onların guya "öz ölüm hökmləri ilə razılaşdıqlarını" elan edirdilər. Baqi qeyd edib ki, hazırda məhbuslara "ağ vərəqə"lərin imzalatdırılması barədə məlumat əldə etməyib: "Onsuz da İranda hakimiyyət istədiyi adamı məhkəməsiz öldürür, buna görə də "ağ vərəqə" imzalatdırmaq lazim gəlmir"-deyə Baqi bildirib.

Xəbər lenti

Xəbər lenti