...

Azərbaycan prezidenti Gürcüstana səfər edəcək – səfir

Siyasət Materials 20 Noyabr 2007 15:55 (UTC +04:00)
Azərbaycan prezidenti Gürcüstana səfər edəcək – səfir

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Azərbaycan prezidenti İlham Əliyev noyabrın 21-də Marabdada (Cənubi Gürcüstan, Samtsxe-Cavaxetiya regionu) Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin təqdimat mərasimində iştirak etmək üçün Gürcüstana səfər edəcək. Bu barədə Trend ə çərşənbə axşamı Tbilisidən telefonla Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev məlumat verib. Bakı-Tbilisi-Qars Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat sistemlərini birləşdirəcək.

Əvvəllər Gürcüstanın prezident administrasiyasından Trend ə verilən məlumata görə, artıq dəmir yolunun Gürcüstan hissəsinin tikintisi üzrə işləri aparacaq şirkət müəyyən olunub. Bu, Azərbaycanın "Azərinşaat Servis" şirkətidir.

Dəmir yolunun Gürcüstan hissəsinin tikintisi üçün Azərbaycan bu ölkənin "Marabda-Karsi dəmir yolu" MMC-yə 25 il müddətinə, ildə bir faiz olmaqla, 200 mln. dollar kredit ayıracaq. Azərbaycan Beynəlxalq Bankı bu günlərdə Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisi üzrə layihə operatoru "Marabda-Karsi dəmir yolu" MMC-yə birici kredit tranşını ayıracaq. Birinci kredit tranşının ümumi həcmi 40 mln. dollar təşkil edəcək.

Bu vəsaitlə Gürcüstan ərazisində 29 km uzunluğunda yeni dəmir yolu tikiləcək, Türkiyə ilə sərhəddə isə, qoşa təkərin dəyişdirilməsi üzrə məntəqə tikiləcək, həmçinin, köhnə yol yenidən qurulacaq.

Azərbaycan, Gürcüstan və Türkiyə bu ilin fevralında Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üzrə yekun sənəd imzalayıblar.

Noyabrın 21-də Gürcüstanda Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olan yeni Küləvi (Gürcüstan) neft terminalı da istismara veriləcək. Açılış mərasimində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı gözlənilir.

Küləvi terminalının sahibi ARDNŞ-dir. Onun tikintisi üçün ARDNŞ bu il 301 mln. dollar həcmində sindikatlaşdırılmış kredit alıb. On beş xarici bankdan olan kredit sindikatına Societe Generale rəhbərlik edib. Kreditin 2009-cu ilə qədər qaytarılması nəzərdə tutulur.

Terminalın boşaldıb-yükləmə gücü 9 mln. ton (2 mln. ton xam neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut) təşkil edir. Terminalın ehtiyat parkının ümumi tutumu - 320 min. kubmetrdir. Boşaldıb-yükləmə gücünün 20 mln. tona, ehtiyat parkının 380 min. kubmetrə qədər artırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti