...

ADP prezident seçkisində iqtidarın namizədini dəstəkləyə bilər - partiyanın sədri

Siyasət Materials 3 Dekabr 2007 14:34 (UTC +04:00)
ADP prezident seçkisində iqtidarın namizədini dəstəkləyə bilər - partiyanın sədri

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyası (ADP) hakimiyyətdən danışıqlarla bağlı təklif alarsa və şərtlərini qəbul etdirərsə, gələn il keçiriləcək prezident seçkisində iqtidarın namizədini dəstəkləyəcək. Bu barədə Trend ə açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib.

Gələn ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək.

Hakim Yeni Azərbaycan Partiyası artıq bəyan edlib ki, indiki prezident İlham Əliyev 2008-ci il seçkilərində YAP-ın və bütövlükdə iqtidarın namizədi olacaq.

Müxalifət düşərgəsindən də artıq bir neçə partiya lideri namizəd olacağını açıqlayıb.

Cəlaloğlu bildirib ki, ADP-nin bu il qəbul etdiyi yeni siyasi kurs iqtidara qarşı konstruktiv müxalifətçiliyi, ümummilli məsələlərdə onunla əməkdaşlığı nəzərdə tutur. Prezident seçkisində isə ADP öz namizədi ilə iştirak etməyi planlaşdırır. Lakin iqtidar ADP-nin əməkdaşlıq təklifinə müsbət cavab versə, partiya iqtidarın namizədinə dəstək verə bilər: "Hazırda ADP-də iqtidarı dəstəkləmək meylləri getdikcə azalır. Lakin iqtidarla mövqeyimizi uzlaşdıra bilərik. Bunun üçün bizə iqtidardan təklif gəlməli, sonra müzakirə edib öz şərtlərimizi deməliyik. Əgər iqtidar şərtlərimizi qəbul edərsə, prezident seçkisində onu dəstəkləməyimizdə heç bir problem olmayacaq" - deyə Cəlaloğlu bildirib.

O əlavə edib ki, əgər bu məsələ baş tutmasa, ADP seçkidə Cəlaloğlunun namizədliyini irəli sürəcək: "Biz müxalifətdən də heç kimi qeyri-şərtsiz dəstəkləməyəcəyik. Əgər hansısa namizədə dəstək versək, bu zaman onun qarşısında öz şərtlərimiz olacaq" - deyə ADP sədri bildirib.

O, nə kimi şərtlər irəli sürüləcəyini açıqlamayıb.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib.

Xəbər lenti

Xəbər lenti