...

"Azadlıq" bloku kütləvi aksiyalar keçirməyi məqsədəuyğun saymır

Siyasət Materials 5 Dekabr 2007 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətçi "Azadlıq" bloku Azərbaycanda sərbəst toplaşmaq sahəsində demokratik, əlverişli mühit yaradılmayacağı təqdirdə kütləvi etiraz aksiyaları, mitinqlər keçirilməsini məqsədəuyğun saymır. Bu barədə Trend ə "Azadlıq" blokunun həmsədri Əli Əliyev açıqlama verib.

"Azadlıq" bloku hesab edir ki, ölkədə ictimai-siyasi hadisələr hələ fəallaşmayıb, həmçinin Seçki Məcəlləsinin təkmilləşdirilməsi, "Sərbəst toplaşma azadlığı haqqında" qanuna dəyişiklik edilməsi ilə əlaqədar hakimiyyətlə beynəlxalq qurumlar hələ razılığa gəlməyiblər. Ona görə də bu iki mühüm qanun müzakirə ərəfəsində olduğu üçün "Azadlıq" bloku həmin qanunların təkmilləşdirilməsini, kütləvi tədbirlərin keçirilməsi qaydalarının sadələşdirilməsini və liberal imkanlar yaradılmasını gözləyir: "O zaman "Azadlıq" bloku kütləvi aksiyalar keçirə bilər. Hazırda isə hakimiyyət vətəndaşların sərbəst toplaşmaq hüququna qarşı arqerssivlik göstərir, piketlərin, mitinqlərin keçirilməsinə icazə verilmir, bu aksiyalar dağıdılır" - deyə Əliyev bildirib.

Blok həmsədrinin sözlərinə görə, fövqəladə mühüm hadisələr baş verərsə, müxalifət kütləvi aksiyalara başlaya bilər. Əliyevin fikrincə, Qarabağ problemi ilə bağlı aparılan danışıqların indiki mərhələsi, bu prosesdə Azərbaycan üçün gözlənilən təhlükələr müxalifəti fəallaşdıra bilər.

Hələlik isə "Azadlıq" bloku ölkədə azad sözə qarşı təhlükələr, jurnalistlərin həbsi problemi ilə əlaqədar gələn həftə dekabrın 11-də konfrans keçirəcək.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti