...

GUAM iqtisadiyyat və energetika sahəsində Yaponiya ilə münasibətləri uyğun maraqlar əsasında inkişaf etdirmək niyyətindədir – Təşkilatın Baş katibi

Siyasət Materials 5 Dekabr 2007 17:49 (UTC +04:00)
GUAM iqtisadiyyat və energetika sahəsində Yaponiya ilə münasibətləri uyğun maraqlar əsasında inkişaf etdirmək niyyətindədir – Təşkilatın Baş katibi

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən GUAM regional təşkilatı bazar iqtisadiyyatı və energetika sahəsində uyğun maraqlar əsasında Yaponiya ilə münasibətləri inkişaf etdirmək niyyətindədir. Bu barədə çərşənbə günü Tokioda jurnalistlərə GUAM-ın Baş katibi Valeri Çeçelaşvili bildirib. İTAR-TASS-ın verdiyi məlumata görə, bu ölkələrin XİN başçıları müavinlərindən ibarət nümayəndə heyəti Çeçelaşvilinin rəhbərliyi altında Yaponiyada səfərdədir.

Çeçelaşvilinin sözlərinə görə, nümayəndə heyəti Yaponiyada onlara göstərilən qəbuldan razı qalıb. O, günün birici yarısında xarici işlər naziri Masaxiko Komuro ilə baş tutan söhbətin çox səmərəli olduğunu bildirib. "Yaponiyanın XİN başçısı Təşkilata, Xəzər və Qara dəniz regionundakı vəziyyətə böyük maraq göstərib" - deyə Çeçelaşvili qeyd edib. "Bu bizi ruhlandırır, göstərilən marağı nəzərə alaraq, əməkdaşlığın genişləndirilməsinə ümid edirik".

Onun rəyinə görə, GUAM və Yaponiyanın ümumi bazar və demokratik dəyərlər bazasında müəyyən olunan vəzifə və məqsədləri, əməli olaraq uyğun gəlir. Uyğunluq energetika problemi, enerji təchizatı məsələlərinin həllinə yanaşmada da mövcuddur.

Nümayəndə heyətinin üzvü, Ukrayna xarici işlər nazirinin müavini Andrey Veselovski bildirib ki, GUAM ölkələri də enerji ehtiyyatlarının mühafizəsi, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, münaqişələrin sülh yolu ilə nizamlanması məsələlərinə münasibətdə Yaponiya ilə eyni mövqedən çıxış edir. Ukraynalı diplomat hesab edir ki, Yaponiya enerji daşıyıcılarının nəql olunma yollarının diversifikasiyasında GUAM qədər maraqlıdır. O, nümayəndə heyətinin üçgünlük səfərinin konkret nəticələrindən biri olaraq, enerjiqoruyucu texnologiyaların hazırlanma təcrübəsinin ötürülməsi məqsədilə, GUAM mütəxəssisləri üçün gələcəkdə seminarların təşkil olunmasının Yaponiya tərəfindən həll edildiyini bildirib. "GUAM üçün bu çox vacibdir" - deyə Ukrayna XİN başçısının müavini əlavə edib.

GUAM nümayəndə heyəti "GUAM + Yaponiya" dialoqunun inkişafı məqsədilə, Yaponiya tərəfinin dəvəti üzrə, dekabrın 4-də Tokioya səfər edib. Yaponiya XİN-dən verilən məlumata görə, bu format üzrə keçirilən birinci görüş cari ilin iyun ayında Təşkilatın Bakıda təşkil olunan sammiti çərçivəsində baş tutub.

Xəbər lenti

Xəbər lenti