...

Azərbaycan Avropa İttifaqı ilə viza rejiminin asanlaşdırılması üçün "paket" təkliflərini hazırlamalıdır-ali komissar Benita-Ferrero Valdner

Siyasət Materials 2 Fevral 2008 17:46 (UTC +04:00)
Azərbaycan Avropa İttifaqı ilə viza rejiminin asanlaşdırılması üçün "paket" təkliflərini hazırlamalıdır-ali komissar Benita-Ferrero Valdner

Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbr K.Ramazanova, E.Hüseynli/ Avropa İttifaqının xarici əlaqələr üzrə ali komissarı Benita-Ferrero Valdnerin Trend ə eksklüziv müsahibəsi

- Fevral ayının 3-dən başlayaraq Cənubi Qafqaz ölkələrinə ediləcək səfərdə diqqət mərkəzində olacaq əsas məsələlər hansılardır? Azərbaycanla bağlı hansı əsas məsələləri vurğulaya bilərsiniz?

- Azərbaycana səfər çərçivəsində Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planının icrası, insan hüquqları və seçkilər, regionda dondurulmuş münaqişələr, regional əməkdaşlıq və enerji kimi qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirə aparacağıq.

- Aİ Azərbaycanın Avropa Qonşuluq Siyasəti (AQS) Fəaliyyət Planı çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirməsi haqqında hazırlanmış ilk hesabatı açıqlamaq niyyətindədir. Proqrama daxil edilmiş müddət və prinsiplər istiqamətində əldə olunmuş tərəqqi baxımından əməkdaşlığı necə qiymətləndirirsiniz?

-Komissiya hazırda AQS Fəaliyyət Planının icra edildiyi on iki tərəfdaş ölkə üzrə 2007-ci il tərəqqiyə dair hesabatlarin layihəsini hazırlamaqdadır. Hesabatlar növbəti həftələrdə nəşr olunacaq, son aylarda Azərbaycan tərəfindən nələrin edildiyi haqda qısa, lakin dəqiq məlumat veriləcək.

- Avropa İttifaqının ofisinin Bakıda açılması nə kimi rol oynayacaq?

-Bakıda Avropa Komissiya nümayəndəliyinin olması çox mühümdür, çünki Azərbaycanın hakimiyyət qurumları, informasiya vasitələri, assosiasiyalar və Bakıda olan digər diplomatik nümayəndəliklərlə daimi əsasda dialoq qurmaq, eləcə də maliyyə və iqtisadi əməkdaşlığı yoxlamaq imkanımız olacaq.

- Avropa İttifaqı Azərbaycanla viza rejiminin asanlaşdırılması məsələsini nəzərdən keçirməyi planlaşdırırmı? Cavab müsbətdirsə, bu ideyanın həyata keçirilməsi üçün hər iki tərəf hansı addımları atmalıdır?

-Bu məsələni artıq bir neçə dəfə müzakirə etmişik, Komissiya azərbaycanli dost və həmkarlarımızın vizanın alınması prosedurunun asanlaşdırılması arzusunu tam anlayır. Ancaq biz hər zaman qeyd etmişik ki, belə addım daha geniş "paket" kontekstində atıla bilər, buraya o cümlədən qeyri-qanuni mühacirlərin geri qaytarılması sazişi, yol sənədlərinin təkmilləşdirilməsi və daha təhlükəsiz və səmərəli sərhəd idarəçiliyi məsələləri daxildir.

Aİ tərəfindən hazırlanmış demokratik islahatlar layihəsi çərçivəsində Azərbaycana nə kimi nüanslar təklif olunur? Layihə Azərbaycanla razılaşdırılmışdırmı?

Həm 1999-cu ildən qüvvədə olan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişində, həm də keçən il qəbul olunmuş AQS Fəaliyyət Planında insan hüquqlarının daha yaxşı qorunması, informasiya vasitələri ilə bağlı vəziyyətin yaxşılaşması, seçki haqda qanunvericiliyin islahatı kimi məsələlərə dair mühüm istinadlar verilir.

Bu, Azərbaycanın Aİ, Avropa Şurası və ATƏT qarşısında götürdüyü öhdəlikləri bir-birinə uyğunlaşdıracaqdır. Bütün bu hallarda Azərbaycan prinsiplərə qol qoymuş, bu öhdəliklərə tək prinsipcə deyil, eləcə də təcrübədə hörmət etmək niyyətini bəyan etmişdir.

Xəbər lenti

Xəbər lenti