...

Azərbaycan vətəndaşlığı olmayan bəzi şəxslər səsvermədə iştirak edə bilərlər

Siyasət Materials 4 Fevral 2008 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral/ müxbir Trend , S.İlhamqızı/ Azərbaycan vətəndaşlığı olmayan, lakin beş ildən artıq Azərbaycan ərazisində yaşayan şəxslər səsvermədə iştirak edə biləcəklər. Trend in məlumatına görə, bu fikirləri Azərbaycan Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov bazar ertəsi keçirdiyi mətbuat konfransında səsləndirib.

Məmmədov bildirib ki, yanvarın 1-dən Azərbaycan seçicilərinin siyahısının dəqiqləşdirilməsinə başlanılıb və bu proses mayın 30-dək davam edəcək.

MSK katibinin sözlərinə görə, Azərbaycan vətəndaşlığı olmayan şəxslər əgər beş ildən artıqdır bu ölkədə yaşayırlarsa, onların adları seçici siyahılarına daxil edilir.

Ünvanlarını dəyişən seçicilər isə qeydiyyatdan çıxma prosesinə aiddir və yeni ünvanda qeydiyyata alınmalıdırlar.

Məmmədovun sözlərinə görə, qeydiyyatda olduğu ərazidə yaşamayan vətəndaşlar da səsvermədə iştirak edə bilərlər.

MSK katibi əlavə edib ki, qapalı müəssisələrdə olan səsvermə hüququna malik vətəndaşların siyahısı isə ayrıca hazırlanır: "Azərbaycanda seçiciləri müəyyənləşdirmək üçün vahid siyahı və müvəqqəti seçici siyahıları hazırlanır. Hərbi hissələrdə, həbsxanalarda olan vətəndaşların adları müvəqqəti seçici siyahılarına daxil edilir. Sonra isə vahid siyahı ilə birləşdirilir və ölkə üzrə bütün seçicilərin sayı açıqlanır"-deyə Məmmədov məlumat verib.

MSK katibinin sözlərinə görə, səsvermə gününə 25-35 gün qalmış qapalı müəssisələrdə seçki məntəqələri yaradılır.

Xəbər lenti

Xəbər lenti