...

Bu gün AŞPA Monitorinq Komitəsi Azərbaycandakı vəziyyəti müzakirə edəcək

Siyasət Materials 18 Mart 2008 01:02 (UTC +04:00)
Bu gün AŞPA Monitorinq Komitəsi Azərbaycandakı vəziyyəti müzakirə edəcək

Azərbaycan, Bakı, 18 mart/ Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin bu gün Parisdə keçiriləcək iclasında Azərbaycanla bağlı məsələ müzakirə olunacaq. Bu barədə Parisdən telefonla Trend a açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

İclasda AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeni Jivkovanın Bakıya səfərlərinin yekunları ilə bağlı hesabat dinləniləcək və məsələ müzakirə olunacaq. Monitorinq Komitəsində Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunması məsələsinin də müzakirə olunacağı gözlənilir. Siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunması məsələsi AŞPA Bürosunun martın 13-də keçirilən iclasında müzakirə olunmalı idi. Büroda qəbul edilən qərara əsasən məsələ Monitorinq Komitəsində müzakirə olunmalıdır.

İclasda həmçinin Serbiyada, Ermənistanda və Rusiyada keçirilən prezident seçkilərinin nəticələri müzakirə olunacaq, Bosniya-Hersoqovina tərəfindən öhdəliklərin yerinə yetirilməsi vəziyyəti və digər məsələlərə baxılacaq.

İclasda Azərbaycanı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlar Gültəkin Hacıyeva və Aydın Abbasov təmsil edəcəklər.

Xəbər lenti

Xəbər lenti