...

İraqın müqəddəratını ABŞ yox, iraqlılar həll etməlidirlər - ekspertlər

Siyasət Materials 7 Aprel 2008 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir R.Hafizoğlu/ İraqın bir dövlət kimi inkişaf etməsini və gələcək müqəddəratını ABŞ, "Əl-Qaidə" təşkilatı və xarici qüvvələr deyil, iraqlılar həll etməlidirlər. "İraqın bir dövlət kimi müqəddəratını ABŞ deyil, iraqlılar həll etməlidirlər"-deyə İraqdakı Kürdüstan İslam Birliyinin lideri, şeyx Salahəddin Məhəmməd Bəhaəddin Trend a bildirib.

ABŞ prezidenti Corc Buş aprelin 2-də NATO-nun Buxarest sammitində koalisiya qüvvələrinin İraqdakı nailiyyətləri mövzusuna toxunaraq, ölkə vətəndaşlarının daha "Əl-Qaidə" terrorçularının ideyalarına inanmadığını və ölkə iqtisadiyyatının yüksək templə inkişaf etdiyini bildirib.

""Əl-Qaidə" terror şəbəkəsi iraqlılar arasında heç vaxt rəğbətə sahib olmayıb. Ümimiyyətlə, İraqa koalisiya orduları daxil olana qədər "Əl-Qaidə" təşkilatının davamçıları da olmayıb"-deyə Bəhaəddin bazar ertəsi İraqdan elektron poçtla bildirib. O hesab edir ki, İraqda bundan əvvəl də müxtəlif qəbilələrarası problemlər olub, ancaq koalisiya ordusunun İraqı işğal etməsi ilə bu problemlər öz pik həddinə çatıb.

"ABŞ əsassız iddialarla İraqa soxulmaqla regionda terror və terrorçular üçün münbit şərait yaratdı. Bunun acı nəticəsini isə sadə iraqlılar ödəməkdədirlər"-deyə o qeyd edib. O hesab edir ki, ölkədə stabilliyin bərpa olunması üçün milli, dini və məzhəbi fərqindən asılı olmayaraq, bütün iraqlılar birgə səy göstərməlidirlər. "İraqda dörd min dul qadının dilənməsi və altı milyon uşağın yetim qalması İraq iqtisadiyyatının "yüksək templə inkişafının göstəricisidir" - deyə o bildirib.

Digər iraqlı politoloq Riyad əl-Qəyyim hesab edir ki, koalisiya qüvvələrinin İraqa girməsindən sonra ölkədə xaos və anarxiya başlayıb. "İraqlılar Amerikadan azadlıq və demokratiya gözləyirdilər. Amma bunun əksinə, onlar terror və daxili münaqişə ilə üzləşdilər"-deyə Qəyyim bazar ertəsi Bağdadan Trend a elektron poçtla bildirib.

O hesab edir ki, İraqda baş verən qanlı hadisələrin əsas səbəbkarı koalisiya qüvvələridir. "Mən əminəm ki, İraq hökuməti ölkədəki stabilliyin bərpası üçün xarici və daxili qüvvələrə qarşı mübarizə aparmaq iqtidarındadır"-deyə o bildirib. Politoloqun fikrincə, İraqın müqəddəratını ABŞ və koalisiya qüvvələri deyil, iraqlılar həll etməlidirlər.

KİV-in verdiyi məlumatlara görə, İraqda koalisiya qüvvələrinin ümumi sayı 152 min nəfər təşkil edir. Müxtəlif kütləvi informasiya vəsitələrində İraqda müharibə başlayandan bu günə qədər ölən və itkin düşənlərin ümimi sayı 350 min, bəzi məlumatlara görə isə 4 milyon göstərilməkdədir.

Məqalənin müəllifi ilə trend ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Xəbər lenti

Xəbər lenti