...

Beynəlxalq təşkilatlar prezident seçkisi öncəsi vəziyyətdən narahatdırlar -Azərbaycanın müxalifət partiyasının sədri

Siyasət Materials 1 May 2008 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan müxalifətini təmsil edən Müsavat Partiyası hesab edir ki, beynəlxalq təşkilatlar prezident seçkisi öncəsi vəziyyətdən, seçkinin demokratik, azad və şəffaf keçirilməsi üçün şəraitin olmamasından narahatdırlar. "ATƏT, Avropa Şurası və Avropa Komissiyasının prezident seçkiləri ilə bağlı hazırladıqları dəstək proqramı bu narahatlığın ifadəsidir" cümə axşamı Trend -a müxalifəti təmsil edən Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.

ATƏT, Avropa Şurası və Avropa Komissiyasının Azərbaycandakı nümayəndələri ölkədə keçiriləcək prezident seçkisi ilə bağlı dəstək proqramını açıqlayıb. "Biz seçki prosesini təmsil etdiyimiz beynəlxalq qurumların Azərbaycandakı fəaliyyətində əsas prioritet kimi dəyərləndiririk", -deyə beynəlxalq təşkilatların birgə bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, seçki prosesinin beynəlxalq standartlara uyğun təşkilini təmin etmək üçün lazımi tədbirlərin həyata keçirilməsi hələ gec deyil və seçki prosesinin bütün iştirakçıları öz növbəsində bunun üçün ciddi səy göstərməlidir.

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi mayın1-də jurnalistlərə deyib ki, Amerika hökuməti seçkilərin demokratik keçirilməsinin təmini üçün 3 milyon dollar ayırıb.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Qəmbər beynəlxalq təşkilatların dəstək proqramında qeyd olunanları normal ideyalar hesab edir. "Beynəlxalq təşkilatlar seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün irəli sürdükləri təklif və layihələrin Azərbaycan hakimiyyəti tərəfindən qəbul olunmasına daha ciddi yanaşmalıdır. Çünki Azərbaycan beynəlxalq təşkilatlara qəbul olunan zaman öz üzərinə öhdəliklər götürüb" - Müsavat başqanı əlavə edib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov isə cümə axşamı Trend -a bildirib ki, prezident seçkisinin azad və demokratik keçirilməsi üçün hər cür şərait var: "Azərbaycan hakimiyyəti bütün məsələlərdə, o cümlədən seçkilərdə beynəlxalq təşkilatlarla əməkdaşılıq edir. Prezident seçkisi dövründə də beynəlxalq təşkilatlarla əməkdaşlıq olacaq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti