...

Respublika Prokurorluğu pornoqrafik materialların yayılmasına görə cinayət işinə başlayıb

Siyasət Materials 1 May 2008 20:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən uşaq pornoqrafiyası materiallarının yayılmasına görə cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva 22 aprel 2008-ci il tarixdə "Olaylar" İnformasiya Agentliyinə "Uşaq pornoqrafiyasının qarşısı alınmalıdır. İnternet klublara nəzarət gücləndirilməlidir" başlıqlı müsahibə verib, müsahibədə Azərbaycan Uşaqlar Birliyinin İnternet və mobil telefon vasitəsilə yayılan kiçik yaşlı uşaqların seksual hərəkətlərilə bağlı görüntülərin KİV-də işıqlandırılmasına qarşı çıxdığı qeyd olunub.

Bununla əlaqədar Azərbaycan Uşaqlar Birliyinin sədri Ağayeva Kəmalə Yusif qızı Respublika Baş Prokurorluğuna dəvət edilərək izahatı alınıb.Ağayeva bildirib ki, rəhbərlik etdyi təşkilat uşaq və yeniyetmələrin hüquq və maraqlarının qorunması sahəsində proqram və layihələr həyata keçirir. O, 10 aprel 2008-ci il tarixdə idarə etdiyi avtomaşında olarkən, mobil telefonunun qulaqcıq xətti (blutuz) açıq olduğu üçün ona azyaşlıların iştirak etdiyi "Məhəllə seksi" adlı ğörüntülü mesaj gəlib. Mesajda azyaşlı uşaqların 2-3 dəqiqəlik pornoqrafik görüntüləri yayımlanıb. Bundan bir neçə gün sonra "ANS" tele-kanalında "Xoş vaxt olun" proqramında aparıcı Nisə Qasımova həmin görüntülərlə bağlı fikirlərini efir vasitəsilə ictimaiyyətə çatdırdıqda, Ağayeva həmin verilişə zəng edərək, uşaq pornoqrafiyası ilə bağlı fikirlərin efirdə səsləndirilməsinin azyaşlıların uşaq pornoqrafiyasını əks etdirən görüntüləri əldə etməyə cəhd edəcəklərinə və məlumatsız şəxslərdə də maraq oyadacağına, bu mövzunun həmin görüntülərin süni surətdə çoxaldılmasına səbəb olacağı barədə öz iradlarını bildirib.

Ağayeva yayılmış uşaq pornoqrafik görüntülərinin ev şəraitində çəkilməsini, həmin görüntülərin kimlər tərəfindən çəkilməsi və yayımlanmasından məlumatı olmadığını bildirməklə, hüquq-mühafizə orqanlarından bu kimi neqativ halların qarşısının alınması üçün tədbirlər görülməsini xahiş edib.

Naməlum şəxslər tərəfindən internet və mobil telefonlar vasitəsilə uşaq pornoqrafik materiallarının yayılması faktına görə cinayət işi başlanılmasına kifayət qədər əsaslar olduğundan, mayın 1-də Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən pornoqrafik materialları və ya əşyaları qanunsuz yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutan CM-nin 242-ci maddəsi ilə cinayət işi başlanılıb və ibtidai istintaq aparılması üçün aidiyyatı üzrə Azərbaycan Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsinin istintaq şöbəsinə göndərilib.

Baş Prokurorluq pornoqrafik materialların və ya əşyaların yayılması barədə məlumatı olan vətəndaşlardan Azərbaycan Respublikası Baş Prokurorluğuna 429-01-38, 492-55-40 və ya DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsinə 496-39-07 saylı telefon nömrələrinə zəng vurmaqla məlumat vermələrini xahiş edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti