Ukrayna, Kiyev, 22 may/ Trend , müxbir Z.Novosvitski/ Ukrayna və Azərbaycan prezidentləri ölkələr arasında münasibətlərin yeni səviyyəsi haqqında bəyanat veriblər.
Ukrayna prezidenti mətbuat xidmətinin məlumatına əsasən, belə bəyanatlar Azərbaycan prezidenti İlham Əliyevin bu gün Ukraynaya səfəri çərçivəsində baş tutan rəsmi naharda verilib.
"Ukrayna tərəfi üçün bizim dövlətlərimizin öz münasibətlərində strateji tərəfdaş statusuna gəlmələri çox əhəmiyyətlidir. Bizim birgə müəyyən etdiyimiz dəyərlər və vəzifələr yalnız bu günün dəyərləri deyil - bu bizim gələcəyə fəaliyyət planımızdır", - Ukrayna prezidenti Viktor Yuşşenko bildirib.
Öz növbəsində, Azərbaycan prezidenti qeyd edib ki, Ukrayna və Azərbaycan müstəqillik qazandıqları ilk illərdən strateji tərəfdaş olublar. "Bu gün imzalanan sənədlərdə bizim münasibətlərimizin formatı dəqiq müəyyən edilib - dostluq və strateji əməkdaşlıq", - o bildirib və vurğulayıb ki, söhbət xüsusilə də fəal siyasi dialoq və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəkdən gedir.
Əliyev xüsusilə qeyd edib ki, Ukrayna -Azərbaycanın dostluğu ölkələrimizin milli maraqlarına əsaslanır. O, gələcəkdə bu münasibətlərin möhkəmlənəcəyinə və Ukrayna və Azərbaycan xalqlarının rifahı naminə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]