Azərbaycan, Bakı, 23 may/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin vitse-spikeri hesab edir ki, müxalifət partiyalarının payızda keçiriləcək prezident seçkisini boykot etməsi, seçkinin baş tutmasına və prosesin gedişinə təsir göstərməyəcək. "Müxalifət partiyaları və bloklarının Azərbaycanda baş verən ictimai-siyasi proseslərə güclü təsir göstərmək imkanları yoxdur. Ona görə də müxalifətin prezident seçkisinin boykot olunması ilə bağlı çağırışları seçki prosesinə ciddi təsir göstərməyəcək", - deyə cümə günü Trend -a eksklüziv açıqlamasında Azərbaycan parlamenti sədrinin müavini Bahar Muradova bildirib.
Trend -un arayışı: Azərbaycanda prezident seçkisi 2008-ci il oktyabrın 15-də keçiriləcək. Vətəndaş və İnkişaf, Azərbaycan Xalq Cəbhəsi və Liberal partiyalarının təmsil olunduğu müxalifətin əsas siyasi bloku olan "Azadlıq" bloku prezident seçkisini boykot edəcəyini açıqlayıb. Milli İstiqlal partiyası da seçkiyə qatılmayacağını bəyan edib.
Muradova bildirib ki, müxalifət partiyaları və liderləri bir neçə ildir ki, seçkilərin boykot olunması taktikası həyata keçirirlər: "Bu, taktikanın isə heç bir nəticəsi yoxdur".
Vitse-spiker hesab edir ki, müxalifətin prezident seçkisinin boykot olunması üçün əsas kimi səsləndirdiyi arqumentlərin heç bir əsası yoxdur: "Azərbaycanda siyasi vəziyyət müxalifətin öz arqumentlərində göstərdiyindən kəskin şəkildə fərqlənir. Siyasi partiyalar ölkədə mövcud olan vəziyyəti öz maraqlarına uyğunlaşdırmamalıdır. Müxalifətin siyasi vəziyyəti öz maraqlarına uyğunlaşdırandan sonra prezident seçkilərində iştirak etmək istəməsi gülünc doğuran mövqedir. Qanunun imkan verdiyi formada bütün siyasi qüvvələr seçkiyə qatılmalı, öz imkan və bacarıqlarını ortaya qoymalıdırlar. Müxalifətin bir qrupunun "bizim maraqlarımız təmin edildiyi təqdirdə seçkiyə qatılacağıq və yalnız onda seçkilər demokratik keçiriləcək" fikrləri isə onların öz imkansızlıqlarını gizlətmək cəhdi kimi qiymətləndirilməldir".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]