...

Azərbaycanın müxalifət bloku boykot qərarına yenidən baxacaq

Siyasət Materials 2 İyun 2008 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun/ Trend , müxbir E.Babayev/ Üç müxalifət partiyasının (Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku boykot qərarını yenidən müzakirəyə çıxaracaq. "Blokun seçki ilə bağlı yaydığı bəyanat qurumun Sədrlər Şurasının mövqeyini əks etdirir. İyun ayının sonunda blokun Məclisinin yığıncağında bəyanat Məclisdə müzakirə ediləcək və qərar rəsmiləşdiriləcək", bazar ertəsi Trend -a Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, "Azadlıq" blokunun həmtəsisçisi Əli Əliyev bildirib.

Trend -un arayışı: Ötən həftə "Azadlıq" blokunun Sədrlər Şurası bəyanat yayıb. Bəyanatda deyilir ki, bu ilin payızında həqiqi seçkilər deyil, seçkilər adında bir tamaşa gözlənilir. Blok belə bir tamaşada iştirak etmək niyyətində olmadığını və payızda keçirilməsi nəzərdə tutulan prezident seçkilərini boykot etdiyini qətiyyətlə bəyan edir. Bəyanatda, həmçinin blokun seçki qanunvericiliyi ilə bağlı çoxsaylı tövsiyə və təkliflər verdiyi və onların nəzərə alınmadığı bildirilir. Bunlar seçki komissiyalarının paritet əsasda formalaşdırılması, məşvərətçi səs hüquqlu komissiya üzvlərinin və müşahidəçilərin səlahiyyətlərinin genişləndirilməsi, onlara təkrar səs sayma hüququnun verilməsi, seçkiqabağı təbliğat prosesində bütün namizədlərə bərabər şəraitin yaradılması kimi məsələlərdir. Bəyanat müəllifləri bildiriblər ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər zamanı bu təkliflərin heç biri nəzərə alınmayıb.

Əliyev bildirib ki, Sədrlər Şurasının mövqeyinin Məclisdə dəstəklənəcəyi şübhə doğurmur. "Artıq hamıya aydındır ki, ölkədə demokratik seçkilərin keçirilməsi üçün siyasi iradə yoxdur. Bu olmadığı üçün ölkə parlamentində seçki qanunvericiliyi ilə bağlı müzakirələrin sonunu gözləməyi mənasız sayaraq bəyanatla çıxış etdik", - deyən Əliyevin sözlərinə görə, boykot taktikaksının tədricən digər müxalif partiyalar tərəfindən müdafiə ediləcəyi də gözləniləndir. Artıq Müsavatı təmsil edən millət vəkilləri Seçki Məcəlləsinin indiki halda qəbul olunmasından sonra seçkiyə getməyin mənasız olduğunu bildirirlər. "İnanırıq ki, mövqeyimiz digər qüvvələrin simpatiyasını qazanacaq. Digər tərəfdən, bizim qərarımız bu qərara kimin necə münasibət bəsləməsi üzərində qurulmur. Biz öz mövqeyimizlə Azərbaycan cəmiyyətinə və beynəlxalq aləmə çatdırırıq ki, ölkədə heç də hamı təslim olmayıb. Bizim addımımız bu mənada həm də cəmiyyətin ümidlərinin tam ölməməsinə xidmət edir", - deyə Əliyev vurğulayıb.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, ADP sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti