...

Azərbaycanın hakim partiyası "Azadlıq" blokunu siyasi qorxaqlıqda günahlandırıb

Siyasət Materials 11 İyun 2008 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun/ Trend , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) qarşıdan gələn prezident seçkisini boykot etmək istəyən partiyaları siyasi qorxaqlıqda günahlandırıb. "Seçkilərdə iştirakdan imtina etmək bu və ya digər idmançının yarışdan qaçmasından heç nə ilə fərqlənmir. Hesab edirəm ki, seçkilərdə iştirakdan imtina edən müxalifət partiyaları sadəcə olaraq, özlərinin uğursuzluğunu, gücsüzlüyünü, siyasi proseslərə qatılmaq üçün qətiyyətsizliyini nümayiş etdirirlər", - deyə çərşənbə günü YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partiyasının başqanı İsa Qəmbərin, ADP sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. Üç müxalifət partiyasının (Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

İyunun 2-də Milli Məclisin qərarı ilə Seçki Məcəlləsində bir sıra dəyişikliklər edilib. Seçki kampaniyasının müddəti 120 gündən 75 günə endirilib. 75 günün 28-i təşviqat işlərinə, qalan günlər isə namizədin müəyyən edilməsi, onun qeydə alınması üçün imzaların toplanması, imzaların Mərkəzi Seçki Komissiyası tərəfindən yoxlanması və digər prosedur tədbirlərinə sərf olunacaq. Bundan başqa, namizədin dəstəklənməsi üçün lazım olan imzaların sayı əvvəllər olduğu kimi 45 min yox, 40 min müəyyən edilib, dövlət KİV-də seçki təbliğatı qadağan olunub. Bundan sonra müxalifət daxilində boykota meyl artıb.

Əhmədov vurğulayıb ki, Azərbaycanda YAP-ın qarşısına çıxa biləcək, partiyanın həyata keçirmək istədiyi layihələri əngəlləməyə nail ola biləcək siyasi təşkilat yoxdur. O cümlədən, prezident seçkiləri kimi çox əhəmiyyətli siyasi kampaniyanı boykot etmək qüdrətində olan nə partiya, nə də lider mövcud deyil. "Məsələnin digər tərəfi bundan ibarətdir ki, real olaraq partiyamızın namizədi İlham Əliyevin qarşısına çıxa biləcək alternativ yoxdur. Müxalifət nümayəndələri görürlər ki, ictimai dəstəkdən məhrumdurlar", - deyən Əhmədovun sözlərinə görə, belə reallıq çərçivəsində prezident seçkiləri müxalifətə hər hansı uğur gətirmək şansını aradan qaldırır.

"Hər bir partiyanın mövcudluğunu şərtləndirən başlıca amil onların ölkənin siyasi həyatında fəal iştirakıdır. Hesab edirəm ki, seçkilərdə iştirakdan imtina edən müxalifət partiyaları sadəcə olaraq, özlərinin uğursuzluğunu, gücsüzlüyünü, siyasi proseslərə qatılmaq üçün qətiyyətsizliyini nümayiş etdirirlər", - deyə Əhmədov qeyd edib.

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

"Azadlıq" blokunun üzvü, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə çərşənbə günü Trend -a bildirib ki, onları yarışdan qaçan idmançıya bənzətmək doğru deyil. "İdmanda tərəflərə bərabər şərait yaradılır. Amma indi bu yoxdur və görünən odur ki, hakimiyyət zəif idmançıdır. Əks təqdirdə, yarış öncəsi şəraiti öz xeyirlərinə dəyişməzdilər. Hətta yarışa "hakimlik" edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da hakimiyyətin tərəfindədir. Yarışa nəzarət edən beynəlxalq qurumlar da müəyyən maraqlar güdürlər. Belə bir şəraitdə hansı yarışdan söhbət gedə bilər", - deyə Əliyev sual edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti