...

Azərbaycan prezidenti "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna dəyişikliklər və əlavələri təsdiqləyib

Siyasət Materials 25 İyun 2008 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü "Sərbəst toplaşmaq azadlığı haqqinda" Qanuna dəyişikliklər və əlavələri təsdiqləyib.

Dəyişikliklərə əsasən, Qanunda "Aşağıdakı yerlərdə keçirilən dinc" sözləri "Xüsusi mülkiyyətə aid olan yerlərdə toplantı keçirmək hüququna zərər vurmadan aşağıdakı yerlərdə keçirilən" sözləri ilə əvəz edilib. Digər dəyişikliyə əsasən, Qanunda toplantıları təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə, onun yeri və vaxtının, küçə yürüşünün isə, marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 gün əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 gündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır, toplantının təşkilatçılarından heç biri toplantıda şəxsən iştirak etmədikdə, toplantı keçirilə bilməz.

Bundan başqa, sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.

Digər bir dəyişikliyə görə, təhlükəsizlik tədbirlərinin keçirilməsi zərurəti ilə əlaqədar mühüm dövlət əhəmiyyətli beynəlxalq tədbirlərin ərəfəsində və onların keçirildiyi günlərdə həmin tədbirlərin keçirildiyi şəhər və rayonların ərazilərində siyasi məqsədlə toplantıların keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qadağan edilə bilər. Əgər toplantı təşkilatçılarının yazılı xəbərdarlığında göstərilmiş yerdə və vaxtda başqa bir toplantı təyin edilibsə və əks-toplantının keçirilməsinin tərəflər arasında qarşıdurma törədəcəyi barədə kifayət qədər əsaslar varsa, müvafiq icra hakimiyyəti orqanı əks-toplantının təşkilatçılarına başqa vaxtın və yerin müəyyən edilməsini təklif etməlidir. Dəyişdirilmiş vaxt və yer haqqında yazılı xəbərdarlıq tədbirlərin yeni tarixinə azı 3 gün qalmış müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir. Əks-toplantı keçirildiyi halda, polis orqanları toplantı və əks-toplantı iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbirlər görməlidir.

Aksiyalar Milli Məclisin, Prezident Sarayının, Prezident iqamətgahının, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin yerləşdiyi binaların ətrafında 200 metr (əvvəlki variantda 300 metr - red) radius çərçivəsində keçirilə bilər.

Dəyişikliklərə əsasən, siyası məzmunlu toplantıların ziyarətgahlarda, ibadətgahlarda və qəbiristanlarda keçirilməsi məhdudlaşdırıla bilər.

Trend -un arayışı: "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna dəyişikliklər və əlavələr mayın 30 - da Milli Məclisdə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti