...

Pakistan parlamenti Azərbaycanla bağlı konfrans keçirəcək

Siyasət Materials 7 İyul 2008 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir İ.Əlizada/ Pakistan Senatı Azərbaycanla bağlı konfrans keçirəcək.

"Konfransda siyasi, iqtisadi və əsasən də enerji məsələləri müzakirə olunacaq", bazar ertəsi Bakıda Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə İşçi qrupun üzvləri ilə görüşündə Pakistan Senatının Xarici Əlaqələr Komitəsinin sədri Müşahid Hüseyn Səyid bildirib.

Trend -un arayışı: Səidin rəhbərlik etdiyi Pakistan Senatının nümayəndə heyəti bu gündən Azərbaycana səfərə gəlib. Nümayəndə heyətinə Pakistan Senatında təmsil olunan 5 siyasi partiyanın nümayəndələri daxildir.

Pakistanlı parlamentarilərin Azərbaycana səfərində məqsəd iki ölkənin parlamenti, hökuməti və xalqları arasında yüksək səviyyədə olan münasibətləri daha da möhkəmləndirməkdir.

Komitə sədri qeyd edib ki, Pakistan Senatında Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq üzrə cəmiyyət fəaliyyət göstərir. Həmin cəmiyyətin təşəbbüsü üzrə indiyə qədər müxtəlif ölkələrlə bağlı konfranslar keçirilib. "Azərbaycanla bağlı konfrans 3 ay ərzində keçiriləcək. Hələlik konfransın tarixi, İslamabadda və ya Bakıda keçiriləcəyi dəqiqləşməyib", Səyid əlavə edib.

O qeyd edib ki, oktyabrın 24-26-da İslamabadda həmçinin Cənubi Asiya ölkələri partiyalarının konfransı keçiriləcək. "Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının da həmin konfransda iştirakını arzulayırıq", - Komitə sədri deyib.

Səyid vurğulayıb ki, Azərbaycanla Pakistan arasında əlaqələr yüksək səviyyədədir və parlamentlərarası əməkdaşlığın da genişləndirilməsi vacibdir.

Görüşdə Azərbaycan parlamentinin Pakistanla əlaqələr üzrə İşçi qrupunun rəhbəri Eldar İbrahimov qeyd edib ki, rəsmi Bakı Pakistanın Dağlıq Qarabağ münaqşişəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti