Azərbaycan, Bakı, 10 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkisində dairə və məntəqə seçki komissiyalarının fəaliyyətinin şəffaflığını təmin etmək məqsədilə canlı görüntülər yaymaq niyyətindədir. Bu barədə cümə axşamı Trend -a MSK-dakı etibarlı mənbədən məlum olub.
Trend -un arayışı: Azərbaycanda prezident seçkisinin oktyabrda keçirilməsi nəzərdə tutulur. MSK bu ayın sonunda seçki kampaniyasına rəsmən start verəcək və seçkinin dəqiq tarixini elan edəcək.
Mənbənin bildirdiyinə görə, MSK məntəqə və dairə seçki komissiyalarında kameralar quraşdırmaq məsələsini nəzərdən keçirir. Həmin kameralar vasitəsilə məntəqə seçki komissiyalarında seçkinin gedişatını İnternet vasitəsilə canlı izləmək mümkün olacaq. Hazırda bununla bağlı Rabitə və İnformasiya Nazirliyi ilə danışıqlar aparılır.
MSK-nın katibi Natiq Məmmədov isə cümə axşamı Trend -a açıqlamasında məlumatı nə təsdiq, nə də təkzib edib. Onun sözlərinə görə, birinci əsas tələb seçkilərin aşkar keçirilməsidir. "Digər tərəfdən, Azərbaycanın indiki inkişafı dövründə seçki sisteminin geri qalması mümkün deyil. Ola bilməz ki, dövlətin bir hissəsi inkişaf etsin, digər hissəsi isə inkişafda olmasın. Azərbaycan cəmiyyəti seçkidə bu sistemin də inkişaf etdiyinin əyani şahidi olacaq. Aşkarlıqla bağlı nə mümkündürsə, ediləcək. Biz də maraqlıyıq ki, seçki tam şəffaf, aşkar keçsin", - deyən Məmmədov konkret olaraq seçkinin canlı yayımlanmasının reallaşıb-reallaşmayacağı barədə suala əlavə şərh vermək istəməyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]