...

Azərbaycanın hakim partiyası kütləvi aksiyaların keçirilməsi üçün ayrılan yerləri məqbul hesab edir

Siyasət Materials 12 Sentyabr 2008 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) Bakı Şəhər İcra Hakimiyyətinin prezident seçkisi ərəfəsində kütləvi aksiyaların keçirilməsi üçün ayırdığı yerləri məqbul hesab edir.

"YAP hesab edir ki, əsas məsələ prezidentliyə namizədlərin aksiyaları harada deyil, kimlərlə keçirməsidir. Namizədi dəstəkləyən insanlar varsa, aksiyaların harada keçirilməsindən asılı olmayaraq, orada iştirak edəcəklər", - Trend -unməlumatına görə, cümə günü YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib.

Trend -un arayışı: Bakı Şəhər İcra Hakimiyyəti "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna müvafiq olaraq, paytaxtın rayonlarında toplantıların keçirilməsi üçün ayrılmış açıq yerlərin ünvanlarını müəyyənləşdirib.

"Azadlıq" blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış yeni yerlər əslində əvvəlki yerlərdən heç nə ilə fərqlənmir.

"Kütləvi tədbirlərin keçirilməsində məqsəd mövcud problemləri ictimaiyyətin diqqətinə çatdırmaqdır. Onların keçirilməsi üçün şəhərdən kənar yerlərin ayrılmasında məqsəd kütləvi tədbirin mahiyyətini heçə endirmək və tədbir keçirən tərəfin mövqeyinin, tədbirin məqsədinin ictimaiyyətə çatdırılmasının qarşısını almaqdır", - deyə Əliyev Trend -a bildirib.

Qurbanlı qeyd edib ki, hakim partiya ayrılan yerlərdə tədbirlər keçirməyi planlaşdırır.

Onun sözlərinə görə, YAP prezidentliyə namizədlərin təbliğat kampaniyası dövründə daha çox kiçik qruplar şəkilində görüşlərə üstünlük verəcək.

"YAP-ın seçki təbliğat-təşviqat kampaniyası yüksək səviyyədə hazırlanıb. Kampaniyanın əsas istiqaməti hər bir seçici ilə təmas qurmağa yönəlib. YAP-ın yerlərdə olan təşkilatları hər bir kənddə, qəsəbədə və məhəllədə görüşlər keçirəcək", - YAP rəsmisi vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti